Mafiya lideri ömürlük həbs aldı, əsl qanqster müharibəsi başladı
Rusiyada məhkəmənin mafiya liderinə ömürlük həbs cəzası verməsi əsl qanqster müharibəsi başladıb.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, oktyabrın 23-də Moskva vilayət məhkəməsi "Orexovsk" mütəşəkkil cinayətkar qruplaşmasının liderlərindən biri olan "Belok" ləqəbli Dmitri Belkinə ömürlük həbs cəzası çıxarıb.
Məhkəmə onu və cinayət ortağı Oleq Pronini 22 qətl, 11 sui-qəsd, quldurluq, qanunsuz silahlı dəstə formalaşdırmaq və s. ittihamlar üzrə ömürlük həbsə məhkum edib.
İstintaqın bildirdiyinə görə, "Belok" 90-cı illərin əvvəllərində Moskvanın Odintsovo rayonunda öz bandasını formalaşdırıb. Qruplaşmaya məşhur killer, "Saşa Soldat" ləqəbli Aleksandr Pustovalov və digər nüfuzlu kriminal elementlər daxil olub. Sonradan kriminal müharibələrdən birində Belkinin bandası "Orexovsk" qruplaşmasına qoşulub.
Belkin qruplaşmanın lideri, "Osi" ləqəbli Sergey Butorinin yaxın tərəfdaşına və birləşmiş bandanın liderlərindən birinə çevrilib. Bandanın barəsində təhqiqat ancaq 1998-ci ildə, prokurorun öldürülməsindən sonra başlayıb. Həmin il keçirilən əməliyyatlarda bandanın çoxsaylı üzvləri tutulub, Butorinlə Belkin isə xaricə qaça biliblər.
Butorin 2001-ci ildə İspaniyada həbs olunub, 2009-cu ildə Rusiyaya təhvil verilib və 2011-ci ildə ömürlük həbs cəzası alıb.
Belkin isə 2011-ci ildə İspaniyada həbs olunub və 2012-ci ilin martında Rusiyaya ekstradisiya edilib.
Məhkəmənin Belkin haqda hökmünün elan olunmasından cəmi bir neçə saat sonra Moskvaətrafı regionun Odintsovo rayonunda bu iş üzrə vəkil Vitali Moiseyev və onun xanımı "Kalaşnikov" avtomatı ilə güllələnib. Onların cəsədləri "Volvo" avtomobilində aşkarlanıb.
Moiseyevin "Belok"un işi üzrə əsas şahidlərdən biri, Odinstovo rayon sovetinin deputatı Sergey Jurbanın vəkili olduğu bildirilir. 2010-cu ildə Jurba "Belok"a qarşı ifadə verməyə hazırlaşanda ona sui-qəsd olub. Deputat sağ qalsa da indiyədək koma vəziyyətindədir. Bu ilin iyul ayında isə killerlər daha bir şahidi - Jurbanın sürücüsü Aleksey Zaxarovu öldürüblər.
Vəkilin və arvadının güllələnməsinin ardınca dünən gecə saatlarında Moskvanın cənub-şərqindəki kafelərin birində "Orexovsk" bandasının iki üzvü - Aleksandr Tulupov və Orenburq sakini Dmitri Sablini güllələyiblər. Sablin qarnından aldığı güllə yarasından ölüb, Tulupov yaralı halda xəstəxanaya aparılıb və orada tibbi yardım aldıqdan sonra yoxa çıxıb.
REN TV xəbər verir ki, Tulupov və Sablin kafedə bandanın digər üzvləri ilə birlikdə "Belok"a çıxarılmış hökmü müzakirə edirdilər. Bu zaman banda üzvləri ilə Moskvanın cənub rayonlarından olan bir qrup müştəri arasında mübahisə yaranıb, müştərilər banda üzvlərinə atəş açıblar.
İstisna deyil ki, əslində atəş açanlar da başqa qruplaşmaya mənsub olublar. Hüquq-mühafizə orqanları qanqster müharibəsinin şiddətlənəcəyini istisna etmir.
Mediainfo.az