Qızıl neft şoku fonunda ucuzlaşır
Çərşənbə günü qızılın qiyməti əvvəlki sessiyada qeydə alınan kəskin artımdan sonra aşağı düşüb. Qiymətli metala təzyiqi neft qiymətlərindəki yeni artım dalğası göstərib; bu, investorların inflyasiya və ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz siyasətinin perspektivləri ilə bağlı narahatlıqlarını gücləndirib. Bu barədə Oxuməni.az “Reuters”-ə istinadən xəbər verir.
Qızılın spot qiyməti 0,6% azalaraq bir unsiya üçün 4028,43 dollara düşüb. ABŞ-da avqust çatdırılmalı qızıl fyuçersləri 0,8% ucuzlaşaraq 4035,50 dollar təşkil edib.
Bir gün əvvəl qızıl 2%-dən çox bahalaşaraq 4100,49 dollara çatmışdı. Artım ABŞ-da inflyasiya göstəriciləri ilə bağlı idi: iyun ayında istehlak qiymətləri enerji daşıyıcılarının ucuzlaşması fonunda gözləniləndən daha çox yavaşlamışdı.
Lakin neft kotirovkalarındakı yeni artım bazardakı əhval-ruhiyyəni yenidən dəyişib. ABŞ prezidenti Donald Trampın bütün İran limanlarına hərbi-dəniz blokadası tətbiq etməsi və Tehran danışıqları bərpa etməyəcəyi təqdirdə gələn həftə elektrik stansiyalarına və körpülərə zərbələr endirəcəyi ilə hədələməsindən sonra neft qiymətləri ardıcıl üçüncü ticarət sessiyasıdır ki, artır. Bu addımlar Vaşinqtonun İrana qarşı təzyiqlərinin növbəti gücləndirilməsi olub.
Neftin bahalaşması inflyasiyanın yenidən sürətlənə biləcəyi və ABŞ-da faiz dərəcələrinin gözləniləndən daha uzun müddət yüksək qalacağı ilə bağlı narahatlıqları artırır. Qızıl ənənəvi olaraq inflyasiya riskləri zamanı qoruyucu aktiv hesab edilsə də, istiqrazların yüksək gəlirliliyi və bahalı kreditlər faiz gəliri gətirməyən bu metalın cəlbediciliyini azaldır.
CME FedWatch alətinin məlumatlarına görə, treyderlər hazırda FED-in sentyabr iclasında faiz dərəcəsini endirmə ehtimalını təxminən 58% qiymətləndirirlər. İnflyasiya hesabatı dərc olunmazdan əvvəl bu göstərici təxminən 76% idi. Tənzimləyicinin dekabr ayında siyasətini dəyişmək ehtimalı isə təxminən 80% qiymətləndirilir.
Digər qiymətli metallar bazarında gümüş 0,5% ucuzlaşaraq bir unsiya üçün 58,35 dollara düşüb. Platinin qiyməti 0,1% azalaraq 1629,89 dollar, palladium isə 0,2% ucuzlaşaraq 1302,10 dollar təşkil edib.
Almaz Həsənli













.jpg)

.jpg)


.jpg)






































































