Naxçıvanın keçmiş milli təhlükəsizlik nazirinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində olan hökmdən verdiyi apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.
V. Əsgərovun vəkili Vüqar Xasayevin Apa -ya verdiyi məlumata görə, məhkəmə baxışı avqustun 1-nə təyin edilib.
Qeyd edək ki, Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə V. Ələsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 309.1-ci (Vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunub.