Sərhəddə düşmənin 3 əsgəri sıradan çıxarılıb
Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.
Oxuməni.az-a Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, bu gün saat 17:30-dan başlayaraq Qazax rayonunun Quşçu Ayrım kəndində yaşayış evləri və avtomobil yolu ilə hərəkət edən mülki nəqliyyat vasitələri ER-nın Noyemberyan rayonunun Boqanis və Voskevan kəndləri yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan intensiv atəşə tutulub.
Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə və mülki nəqliyyat vasitələrinə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.
Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.
Eyni zamanda bildiririk ki, Ermənistan kütləvi informasiya vasitələrinin sərhəd döyüş məntəqələrimiz tərəfindən atəşkəs rejiminin pozulması barədə məlumatları həqiqətə uyğun deyildir, bölmələrimiz tərəfindən Ermənistanın yaşayış məntəqələri istiqamətində atəş açılmamışdır.
***
Ermənistan Müdafiə Nazirliyinin olayla bağlı rəsmi açıqlamasında insident zamanı iki erməni hərbçinin yaralandığı rəsmən elan edilib.
***
Ermənistan Müdafiə Nazirliyi daha bir açıqlama yayaraq, 3 əsgərin yaralandığını, onlardan birinin isə ağır vəziyyətdə olduğunu bildirib. Ermənistan MN-nin rəsmi açıqlamasında əsgərlərdən birinin gözündən güllələndiyi qeyd edilib.
Hər üç yaralının İrəvanda hospitala yerləşdiriləcəyi açıqlanıb.
Oxuməni.az