Belarusun xarici işlər naziri Pxenyana gəlib
Belarusun xarici işlər naziri Maksim Rıjenkov Pxenyana səfər edib. Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
KXDR paytaxtının hava limanında Rıjenkovu Şimali Koreyanın xarici işlər nazirinin müavini Kim Çenq-qyu qarşılayıb. Sonra gələn Belarus nümayəndə heyətinin şərəfinə KXDR Xarici İşlər Nazirliyinin rəhbəri Çoi Sonq Huinin iştirak etdiyi ziyafət təşkil edilib. O, Şimali Koreya hökumətinin ikitərəfli münasibətlərin hərtərəfli inkişafında yeni mərhələ açmağa davamlı olaraq hazır olduğunu bildirib.
Öz növbəsində Rıjenkov qeyd edib ki, Belarus və KXDR arasında əlaqələr qarşılıqlı etimad və hörmət əsasında, eləcə də iki dövlət liderlərinin marağı sayəsində dərinləşəcək.
Bundan əvvəl Rusiya Federasiyasının baş prokuroru İqor Krasnovun KXDR-ə səfər etdiyi bildirilirdi.
Ötən həftə Rusiya müdafiə nazirinin müavini Aleksey Krivoruçkonun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Koreyaya səfər edib.
Oxuməni.az