Tahir Kərimli: “Siyasi sabitlik hər şeydən önəmlidir”

Tahir Kərimli: “Siyasi sabitlik hər şeydən önəmlidir”

28 İyul 2016 15:12
Bəyəndim (0) Bəyənmədim (0)

"Konstitusiyada prezidentlik müddətinin artırılması, yaş senzinin aradan qaldırılması, vitse-prezidentlik institutunun tətbiq edilməsi, insan hüquq və azadlıqları ilə bağlı təkliflər beynəlxalq praktikaya söykənir və burada nə beynəlxlaq hüquqa, nə də demokratik dəyərlərə ziyan dəyir".

Bu fikirləri Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Onun sözlərinə görə, dəyişikliklər əksinə, insan hüquq və azadlıqlarının, demokratiyanın təməl prinsiplərinin daha təkmil qaydada qorunmasına şərait yaradır.

T.Kərimli əlavə edib ki, bəzi müxalif qüvvələrin sosial şəbəkələrdə, mətbuatda yazdığı fikirlərə baxır və hesab edir ki, onların arqumentlərinin heç bir hüquqi əsası yoxdur:

"Onların hamısı siyasi yönümlü bəyanatlardır. Konstitusiyaya nəzərdə tutulan dəyişiklikləri müsbət və vaxtında həyata keçirilən siyasi islahat kimi dəyərləndirirəm. Çünki siyasi sabitlik və təhlükəsizlik hər şeydən önəmlidir. Azərbaycanda siyasi sabitlik və təhlükəsizlik olmadan nə demokratiya, nə iqtisadi inkişaf, nə də insan haqlarının qorunması mümkündür.

Hesab edirəm ki, Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər ölkədə sabitliyin və təhlükəsizliyin bərqərar olmasına, eyni zamanda, dövlətçiliyin möhkəmlənməsinə, daha effektiv dövlət idarəçiliyinə, gözlənilən çağırışlara və təhdidlərə daha operativ və effektiv reaksiya verməyə imkan yaradır. İndiki məqamda, yəni, Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olduğu bir halda, Azərbaycanda daha mükəmməl və güclü prezident üsul-idarəsinə ehtiyac var".

Millət vəkili deyib ki, baxmayaraq ki, Vəhdət Partiyası olaraq 1918-ci ildə Demokratik Cümhuriyyətdəki kimi parlament üsul-idarəsinin tətbiqinin tərəfdarı idilər, ancaq tarixin təcrübəsi bunun əksini sübut etdi: "Yəni, ortaya hakimiyyət eşqinə düşən elə bir qüvvə çıxa bilər ki, bu ölkəni fəlakətə sürükləyər. Ölkənin məhvinə gətirib çıxara bilər. Hesab edirəm ki, bəlkə, 90-cı illərin əvvəlində Azərbaycanda güclü prezident institutu formalaşsaydı, ən azından bu qədər torpaqlarımız işğal olunmazdı və problemi zamanında həll edə bilərdik".

Mediainfo.az