"Ərazisi və ya əhalisi böyük olan dövlət hakim ola bilməz"
Latviya əmin olsun ki, suveren dövlətlə münasibət saxlayır, lakin rəsmi Minsk heç bir pul qarşılığında qardaş Rusiya ilə əlaqələri pozmayacaq.
Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko bir qədər əvvəl Minsk və Moskvanın inteqrasiyasından ölkəsinin narahatlığını ifadə edən Latviya XİN rəhbəri Edqar Rinkeviçin açıqlamasına cavab olaraq deyib.
“Biz Qərbi Avropa, ümumiyyətlə, Avropa və ABŞ-la mehriban münasibətlər istəyirik. AB və ABŞ-ın hansı anlama gəldiyini başa düşürəm, ancaq heç bir halda hansısa pullara görə qardaş Rusiya ilə münasibətləri pozmayacağıq. Bura bizim Rusiyamızdır, bizim insanlarımızdır. Onlar bizə hörmət edir. Burada Belarus prezidentinin reytinqi 60 faizə çatır. Niyə çətin vaxtlarda bizə həmişə dəstək olan ölkəyə çəpəki baxaq? Ancaq bu Qərb, Şərq və Çinlə münasibətdə prinsipial maraqlarımızdan güzəştə gedəcəyimiz anlamına gəlmir”, - Lukaşenko bildirib.
Lukaşenko belə bir şeyin heç vaxt baş verməyəcəyini qeyd edib:
“Bizim kimdənsə asılı olmağımız barədə fikirlərə qulaq asmamağınızı istəyirəm. Dünya qarşılıqlı asılılıqdan ibarətdir: siz kimdənsə asılısınız, biz kimdənsə asılıyıq, bizdən isə kimlərsə asılıdır. Latviya, Litva, Estoniya barədə bunları deyə bilərəm – biz böyük dövlətlər deyilik. Hərçənd kiçik dövlətlər də olmur, çünki bütün xalqlar bərabərdir. Biz bu nöqteyi-nəzərdən də çıxış edirik: ərazisi və ya əhalisi böyük olan dövlət hakim ola bilməz, mən bunu ümumiyyətlə qəbul etmirəm”, - Lukaşenko bildirib.
Belarus prezidenti ölkəsinin müstəqilliyinin mahiyyətinin də məhz bunda olduğunu vurğulayıb:
“Baltik ölkələri, o cümlədən Latviya bunun uğrunda mübarizə aparır. Əmin ola bilərsiniz ki, suveren və müstəqil ölkə ilə iş aparırsınız. Düşünürəm ki, həmişə bu cür olacaq. Ən azından prezident olduğum müddətdə mütləq şəkildə belə olacaq”. Axar.az