
Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin daha 2 oyunu keçiriləcək
Bu gün futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki görüş keçiriləcək.
İkinci oyun günündə azarkeşlərin diqqəti Fransa və Almaniyaya yönələcək.
Artıq bir neçə tur öncədən ölkə çempionluğunu rəsmiləşdirmiş PSJ doğma azarkeşlər önündə İngiltərənin "Mançester Siti" komandası ilə münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşma Parisdə yerləşən "Park de Prens" stadionunda keçiriləcək. Fransa klubunun heyətində Pastore və Verratti komandaya kömək edə bilməyəcək. Mançester klubu isə Sterlinq və Kompaninin xidmətindən yararlana bilməyəcək.
Eyni saatda Almaniyada "Volfsburq" və İspaniyanın "Real Madrid" komandaları üz-üzə gələcək. Oyun "Folksvagen Arena"da keçiriləcək. Meydan sahiblərinin heyətində Bendtner, Yunq və Daniel Kalicuri meydana çıxmayacaq. Madrid təmsilçisinin baş məşqçisi Zinəddin Zidan isə yalnız Rafael Varanın xidmətindən məhrum olub. Adı çəkilən futbolçular zədəlidir.
Çempionlar Liqası, 1/4 final, ilk oyunlar
22:45. PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə)
Baş hakim: Milorad Majiç (Serbiya)
Paris. "Park de Prens"
22:45. "Volfsburq" (Almaniya) - "Real Madrid" (İspaniya)
Baş hakim: Canluka Rokki (İtaliya)
Volsfburq. "Folksvagen Arena"
Qeyd edək ki, ilk oyun günündə "Barselona" evdə "Atletiko"nu 2:1, "Bavariya" isə "Benfika"nı 1:0 hesabı ilə məğlub edib.
Mediainfo.az