Bu məktəb şagirdlərə sürpriz etməkdən yorulmur

Bu məktəb şagirdlərə sürpriz etməkdən yorulmur

30 Sentyabr 2013 13:13
Bəyəndim (0) Bəyənmədim (0)
Bu gün hər kəs gövdəli bir ağacın aşmasının şahidi oldu

Bu gün səhər saatlarında Bakının Nəsimi rayonunda yerləşən 54 saylı orta məktəbdə "qeyri-adi" hadisə baş verib. Dərsə gələn şagirdlər, eləcə də valideynlər "sürpriz"lə qarşılaşıblar. Belə ki, məktəbin həyətindəki iri gövdəli bir ağac aşaraq, düz sinif otaqlarından birinin pəncərəsinə düşüb. Xoşbəxtlikdən hadisə şənbə-bazar günlərindən birində baş verib. Əgər dərs vaxtına təsadüf olsaydı, heç şübhəsiz bədbəxt hadisə baş verə bilərdi. Məktəbin yaxınlığında yaşayanların dediklərinə görə, ağac bazar günü aşıb. Amma gözətçi, rəhbərlik heç bir nəticə çıxarmayıb. Bir neçə saat ərzində böyük ağac pəncərəyə söykənmiş halda qalıb. Ta ki bu saatlara kimi. Hazırda əldə etdiyimiz məlumatda bildirilir ki, artıq lazımi tədbirlər görülüb. Rəhbərlikdən fərqli olaraq, uşaqları düşünən ağac heç kimə xələl gəlməsin deyə, iki gündür ki üçüncü mərtəbənin pəncərəsinə "söykənmiş" halda qalsa da, bu xeyirxahlığı qiymətləndirilmədən kəsilib və doğranılaraq lazımi yerlərə təhvil verilməyə aparılıb. Ümumiyyətlə, bu, məktəbin şagirdlərə ilk sürprizi deyil. Günaşırı düz ortalıqda qurulmuş "bak"ın suyu vaxtında bağlanılmadığından dərsə gəlib-gedənlərin üstünə yağış kimi tökülür. Bu məktəbdə bu kimi "gözəl" mənzərələr çoxdur; həyətdə azyaşlı şagirdlərin həyatı üçün təhlükəli olan iri daş parçaları, şüşə qırıntıları, qırı-qırıq olmuş pəncərə "reşotka"ları... Hələ bu, harasıdır? Antisanitariya şəraitində "peraşki", "sosiska-çörək" bişirilən bufetdən danışmasaq, yaxşıdır. Nədənsə valideynlərin ibtidai korpusa daxil olmasına da qəti qadağa qoyulub. Qapıda dayanan xanım gözətçi israrla, "kameralar çəkir", - deyərək valideynlərin üzünə qapını möhkəm-möhkəm bağlayır. Beləcə, heç bir kamerası olmayan korpusdakı şərait gizli saxlanılır. O gərəksiz kameralardansa, rəhbərlik maddi imkanı başqa səmtə yönəldə də bilərdi. Məsələn...

Bildiyimiz kimi, müstəqil Azərbaycan Respublikasında həyatın müxtəlif sahələrində aparılan islahatlar içərisində latın qrafikalı Azərbaycan əlifbasının bərpa edilməsi böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001 -ci il tarixli və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd etməsi haqqında" 9 avqust 2001-ci il tarixli fərmanları ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olmuş və latın qrafikalı Azərbaycan əlifbasına keçidi bütövlükdə təmin etmişdir. Latın qrafikalı Azərbaycan əlifbası artıq həyatımızın bütün sahələrində tam yerini tutmuşdur. Bununla yanaşı Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin vaxtilə kiril qrafikası ilə çap olunmuş qiymətli nümunələrinin latın qrafikasında yenidən kütləvi şəkildə nəşr olunması günün ən vacib məsələlərindən biri olaraq qalır.

Qayıdaq məsələnə...

Şübhəsiz ki, 54 saylı orta məktəb təhsil ocağıdır. Və əlifbamızın təməli də elə buradaca qoyulur. Amma bu məktəbə daxil olduqda, adama elə gəlir ki, şagirdlərə dərs kiril qrafikası ilə tətbiq edilir. Çünki içəri daxil olan hər kəsi kiril əlifbası ilə yazılmış "Xoş gəlmişsiniz" lövhəsi qarşılayır. Rəhbərlik nədənsə illərdir bu iki cümlədən ibarət olan lövhəni latın qrafikası ilə əvəzləməkdə ya çətinlik çəkir, ya da tənbəllik edir... Çox güman ki, "imkansızlıqdan" əziyyət çəkir... Halbuki, dəhlizə "yerləşdirilmiş kameralar"ın təkcə usta haqqısı həmin lövhəni dəyişdirməyə kifayət edər. Sizcə, hansı daha düzgündür?

Könül Aypara