Güclü qar Gürcüstanda ciddi problemlər yaradıb

Güclü qar Gürcüstanda ciddi problemlər yaradıb

25 Yanvar 2020 14:55
Bəyəndim (1) Bəyənmədim (0)

Gürcüstan ərazisində yağan güclü qar ciddi problemlər yaradıb.

Oxuməni.az xəbər verir ki, problem daha çox Acarıstan Muxtar Respublikası bölgəsinin dağlıq ərazilərində yaranıb. Bu bölgədə qar ən çox Xulo rayonuna yağıb. Rayon mərkəzində qarın hündürlüyü 50 santimetrə, dağlıq kəndlərdə və Qiderdzi dağ-kurort massivində isə 1 metrə və 1,5 metrə çatıb. Tsalka bələdiyyəsinin (Kvemo Kartli-Borçalı) Xando və Rexa kəndləri ilə əlaqəsi tam kəsilib. Güclü külək və çovğun səbəbindən yolları qardan təmizləmək hələlik mümkün deyil.

Meteoroloqlar isə ölkə ərazisində hava şəraitinin daha da pisləşəcəyini, əksər bölgələrdə qar yağacağı, duman, çovğun olacağını və güclü külək əsəcəyini bildirirlər.

Qar Gürcüstanın beynəlxalq əhəmiyyətli avtomobil yollarında da problemlər yaradıb. Ölkənin cənub və qərb bölgələrində yollar buz bağlayıb. Gürcüstandan Türkiyə sərhədinə gedən magistralın Xaşuri-Axaltsixe-Vale hissəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulub.

Paravani aşırımında, eləcə də Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda magistralında bütün növ avtomobillərin hərəkətinə qadağa qoyulub.

Qərb bölgəsinin Qomi-Saçxere-Çiatura-Zestafoni magistralında da iritutumlu, qoşqulu və yarım qoşqulu avtomobillərin hərəkətinə qadağa qoyulub.

Güclü külək paytaxt Tbilisidə də problemlər yaradıb. Paytaxtın bəzi ərazilərində külək ağacları aşırıb, elektrik naqilləri qırılıb, avtomobillərə ziyan dəyib.

Oxuməni.az