Türkiyədə 4 nəfərlik ailə ölü tapıldı - Fotolar

Türkiyədə 4 nəfərlik ailə ölü tapıldı - Fotolar

9 Noyabr 2019 13:13
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə daha bir ailə faciəsi yaşanıb.

Oxumeni.az xəbər verir ki, Antalyada yaşayan ailənin 4 üzvü bu gün evlərində ölü tapılıb. Mənzildəki cəsədlərin 36 yaşlı Səlim Şimşək, onun həyat yoldaşı 38 yaşlı Sultan Şimşək, övladları - 9 yaşlı Cerən Şimşək və 5 yaşlı Ali Çinar Şimşəkə aid olduğu təsdiqlənib.

Hadisə yerinə gələn tibb işçiləri ailənin sianid adlı zəhərli maddəni içərək öldüklərindən şübhələnirlər.

Polis əməkdaşları xüsusi geyimlərlə binanı və ətraf bölgəni yoxlamağa başlayıb. Həmin binada zəhərli maddənin olub- olmadığını müəyyənləşdirmək üçün Afyonkarahisar Kimyəvi Bioloji Radioloji Nüvə Təhdidləri bölməsinin əməkdaşları hadisə yerinə dəvət ediliblər.

Bildirilir ki, mənzilə səhər saatlarında bir karqo şirkətindən işçi gəlib. Polis əməkdaşlarının evdə apardığı təhqiqat zamanı ailənin böyüyü Səlim Şimşəkin məktub yazdığı ortaya çıxıb. Məktubda nə yazıldığı haqqında məlumat açıqlanmır.

Səhər saatlarında binaya ilk daxil olan polis və səhiyyə işçilərinin havadan gələn zəhərli iylə bağlı xəstəxanaya aparıldığı da qeyd edilir. Hazırda həmin şəxslərin vəziyyəti yaxşıdır.

Qeyd edək ki, İstanbulda bir neçə gün əvvəl 4 bacı-qardaş da eyni anda sianid turşusu içərək intihar edib.

Bu arada bildirək ki, sianid turşusu (HCN) hidrogen sianidin suda məhlulu olub, rəngsiz, uçucu, acı badam iyi verən maye halında zəhərləyici turşudur. Sianid turşusu həddən artıq zəhərlidir. Turşunun buxarı ilə nəfəs aldıqda və ya o dərinin zədələnmiş hissəsinə düşdükdə ölümlə nəticələnir. Sianid turşusunun buxarları paltarlara yaxşı hopur və ümumzəhərləyici təsir göstərir.






Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)