Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

25 Fevral 2021 10:54
Bəyəndim (0) Bəyənmədim (0)

Orxan Saffari

UNUTDUM

Mən səni unutdum, gələ bilərsən,

Unutdum aradan keçən günləri.

Unutdum sən mənə aşiq olduğun,

Unutdum sən məni sevən illəri.

***

Unutdum əlini, gözünü sənin,

Unutdum ən şirin sözünü sənin.

Unutdum axırda özünü sənin,

Unutdum nə varsa, o xatirələri.

***

Unutdum adımız olan ağacı,

Unutdum o həmin küçəni, getdi.

Unutdum səninlə olan səhəri,

Hələ yola saldım gecəni, getdi.

BƏLKƏ GƏLƏSƏN?

Qızım, bəlkə gələsən?

Yoxluq bir az çətindi.

Gəl, gör nələr dəyişib,

Gəl, gör nələr həmindi?

***

Gör necə dəyişmişəm,

Necə arıqlamışam.

Sənin üstünə sevgi,

Elə soyuqlamışam.

***

Gör ki, belim bir anda,

Necə bükülüb mənim.

Rəngim necə saralıb,

Suyum süzülüb mənim.

***

Ev-eşiyim dağınıq,

Hisslərim qırıq-qırıq.

Hər yan gecə, qaranlıq,

Ruhum əzilib mənim.

***

Sən də durma bu gecə,

Ulduz düşəndə qayıt.

Ay örpəyin çəkəndə,

Bulud güləndə qayıt.

***

Ya gözlə günəş çıxsın,

Sökülsün bu dan yeri

Çıx gəl, mənim əzizim,

Çıx gəl, mənim and yerim.

MƏNİ BİR GÜN ÖLDÜRƏR

Məni bir gün öldürər,
Bu sərsəri ağrılar.
Ani əzablarımdan,
Sənə xoşbəxtlik doğar.

***

Məni bir gün öldürər,
Gecələr arzu tutmaq.
Səhərəcən yatmayıb,
Səni də unutmamaq!

***

Məni bir gün öldürər,
Səni itirmək hissi.
Bir də sənsiz yaşayıb,
Ölməməkdir ən pisi.

***

Məni bir gün öldürər,
Öldürər həyat, qızım.
Gözləri şabalıdı,
Saçları qıpqırmızım.

Fərqanə Yusifqızı

VƏTƏN

Hamı and içər adına,

Adın mənim andım, Vətən.

Səndən əzəl, səndən əfzəl,

Nə vardısa dandım, Vətən.

***

Vətəndə qəriblik çətin,

Necə olum axı mətin?!

Yüz milyonluq bir millətin,

Həsrətini andım, Vətən.

***

Kim əl üzər gözəl gündən,

Qopur əldən yüz əl gündə.

Mən ki, sənə əzəl gündən,

Həm ruh, həm də candım, Vətən.

***

İlham verdin hər sözümə,

Nur kimi doldun gözümə.

Təkcə, təkcə mən özümə,

Səni həmdəm sandım, Vətən.

BU GECƏ

Bu gecənin rəngi,

Daha qaradı məncə.

Küçələrdə ara-sıra,

sahibsiz itlər hürür‚

bir də yemək axtarır,

balasına pişiklər.

Açdım pəncərəmi qaranlığa,

ağaclar adam kimi,

boylanırlar içəri.

Təngə gəldim‚

elə bil ki, gecə-gündüz,

dayanıblar keşikdə.

Bu gecənin ayı yoxdur,

dağılıbdır ulduzlar.

Sanki bu gün göy üzündə,

yollarını azıblar.

Bircə qədəh şərab süzüm,

bir musiqi dinləyim.

Necə idi o mahnı?

Hə, “gecələr pənah yerim”

oxuyan da deyəsən,

o qız idi, Azərin...

Kimlər yatıb bu gecə,

kimlər oyaqdır görən?

Bu gecə tənhaların,

gecəsidir deyəsən.

YENƏ DƏ AĞLIMDASAN

Yenə də ağlımdasan,

Uzaqların adamı.

Yenə də dodaqlarım,

Pıçıldayır adını.

***

Səni unutmaq üçün,

Nə etdimsə olmadı.

Nə iş-güc, nə də kimsə,

Yerini doldurmadı.

***

Yenə də ağlımdasan,

Soyuq bir qış gecəsi.

Bilsən nələr, nələr var,

Ürəyimdən keçəsi.

***

Xəyal kimi gələsən,

Könlümü ovudasan.

Gedərkən yatağımda,

Ətrini unudasan.

Yenə də ağlımdasan,

Uzaqların adamı...

Hazırladı: Isa Ravan