İranlı reper Tatalu ölüm cəzasına məhkum edilib

İranlı reper Tatalu ölüm cəzasına məhkum edilib

10:17
Bəyəndim (1) Bəyənmədim (0)

İran Ali Məhkəməsi Tatalu (Tataloo) kimi tanınan iranlı reper Əmir Hüseyn Maqsudla bağlı hökmü dəyişdirərək həbs əvəzinə ölüm hökmü çıxarıb. Baş Prokurorluq işin yenidən baxılmasına nail olub və onu Məhəmməd peyğəmbəri təhqir etməkdə ittiham edib. Bu barədə “The Guardian” xəbər verir.

37 yaşlı Əmir Tatalu İranın ilk R&B müğənnisi və bəstəkarıdır, İran anderqround hip-hop səhnəsinin ilk nəslinin nümayəndəsidir, onun xarakterik xüsusiyyəti rep, pop musiqi və R&B-nin qarışığı idi. Bu illər ərzində o, demək olar ki, iyirmi albom buraxmışdır. O, tez-tez hakimiyyəti tənqid edən mahnılar ifa edirdi, lakin İranın nüvə proqramını dəstəkləyən bəstələri də var idi.

Musiqiçi mütəmadi olaraq hakimiyyət tərəfindən təqiblərə məruz qalıb. O, 2018-ci ildə Türkiyəyə köçüb, lakin 2023-cü ildə İrana ekstradisiya edilib və o vaxtdan həbsdədir. Ona qarşı iki cinayət işi açılıb, o, digər maddələrlə yanaşı, fahişəliyi dəstəkləmək, İran əleyhinə təbliğat aparmaq, nalayiq məzmunlu yazılar dərc etmək və küfrdə ittiham olunub. Bir halda o, beş il, ikincisində isə on il müddətinə azadlıqdan məhrum edilib.

“The Guardian” yazır ki, müttəhimin hələ də ölüm hökmündən apellyasiya şikayəti vermək imkanı var. 2024-cü il dekabrın əvvəlində 2022-ci il hökumət əleyhinə etirazları dəstəklədiyinə görə əvvəllər edama məhkum edilmiş reper Toomaj Salehi İranda həbsxanadan azad edilib. Beynəlxalq hüquqşünaslar qrupu bu musiqiçinin işində mühüm köməklik göstərib.

Almaz Həsənli