
Rusiyalı turistlər çimərlik geyimi ilə bağlı qadağanı pozduqları üçün Şarja çimərliyindən qovulublar
Rusiyalı turistlər çimərlik geyimi ilə bağlı qadağanı pozduqları üçün Şarja çimərliyindən qovulublar. Bu barədə TourDom.ru saytına turistlərdən biri məlumat verib.
Rus qadın Füceyrədəki beşulduzlu Al Bahar Hotel & Resort otelində qalıb. Lakin yerli çimərlik son vaxtlar neftlə çirkləndiyi üçün ziyarətçilər üçün bağlanıb, buna görə də istirahət edənlər başqa çimərliklərə aparılmağa başlayıb.
Alternativlərdən biri, 2001-ci ildə tətbiq edilən "Ədəb Qaydaları" səbəbindən daha sərt məhdudiyyətlərin tətbiq olunduğu və turistlərin görünüşünə də aid olan Şarja əmirliyində olan Kalba çimərliyi idi. Bu qaydaların pozulması Rusiyadan gələn turistlərin yerli çimərlikdən qovulması ilə nəticələnib.
"Biz ora günəş vannası qəbul edib çimmək üçün getməli idik, amma məlum oldu ki, dünən polis turistləri çimərlik paltarında olduqları üçün çimərlikdən qovub. Siz guya ancaq qapalı geyimdə çimə bilərsiniz. Üstəlik, bizə deyildiyi kimi, bu adamlar cərimələnib"-deyə turistlərdən biri deyib.
ART-TOUR turoperatorunun rəhbəri Dmitri Arutyunov Şarjada turistlər üçün ən sərt məhdudiyyətlərin olduğunu təsdiqləyib.
"Bikini, mini bikini kimi şeylər çox xoş qarşılanmır" dedi.
Bundan əvvəl yüzlərlə rusiyalı turist Misirdəki otelini təcili tərk etmək məcburiyyətində qalıb.
Əziz Mustafa, Oxuməni.az