
Pakistanda təbii fəlakət nəticəsində azı 300 nəfər ölüb, 1600-ə yaxın evə ziyan dəyib
İyunun sonundan iyul ayına qədər Pakistanda dağıdıcı daşqınlara səbəb olan güclü musson yağışları, Dünya Hava Atribusiyasının (WWA) yeni araşdırmasına görə, insanların yaratdığı iqlim dəyişikliyi ilə daha da şiddətlənib, CNN xəbər verir.
Alimlər müəyyən ediblər ki, iyunun 24-dən iyulun 23-dək ölkəyə adi haldan 10-15% çox yağıntı düşüb, geniş dağıntılara və insan tələfatına səbəb olub. Rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində azı 300 nəfər ölüb, 1600-ə yaxın evə ziyan dəyib. Qurbanlardan biri, Pakistanın şimalından olan 50 yaşlı Saqib Həsən bildirib ki, o, təxminən 100 milyon rupi (360 min dollar) dəyərində evini, əmlakını və mal-qarasını itirib. Yeganə xəbərdarlıq, daşqınlardan bir neçə dəqiqə əvvəl yerli məscidin elanı olub.
Tədqiqatçılar vurğulayırlar ki, atmosferin istiləşməsi onun nəm saxlamaq qabiliyyətini artırır və bu da musson yağışlarının artmasına səbəb olur. Tədqiqatın müəlliflərindən biri olan London İmperial Kollecindən Məryəm Zəkəriyyə deyib: “Qlobal istiləşmənin hər onuncu dərəcəsi yağıntıların miqdarını artırır”.
Qraz Universitetindən klimatoloq Yakob Ştayner bildirib ki, regionda ekstremal hava hadisələri mütəxəssislərin proqnozlaşdırdığından daha sürətlə baş verir: “2050-ci ilə qədər gözlədiyimiz şey artıq 2025-ci ildə baş verir”.
Daşqınlar təkcə Pakistana deyil, qonşu ölkələrə də təsir edib. Nepalda buzlaq gölləri daşaraq körpüləri və bəndləri dağıdıb, Hindistanda isə daşqınlar və torpaq sürüşmələri insanların ölümünə və itkin düşməsinə səbəb olub.
Pakistan qlobal istixana qazı emissiyalarının 1%-dən azını təşkil etməsinə baxmayaraq, iqlim dəyişikliyinin təsirlərinə ən həssas ölkələrdən biri olaraq qalır. 2022-ci ildə ölkə artıq 1700-dən çox insanın ölümünə və 40 milyard dollar ziyana səbəb olan dağıdıcı musson mövsümünü yaşadı.
BMT xəbərdarlıq edir ki, mövcud iqlim fondları belə ölkələri dəstəkləmək üçün kifayət deyil. Eyni zamanda, emissiyaların əksəriyyətinə görə məsuliyyət daşıyan inkişaf etmiş ölkələr iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərini kifayət qədər maliyyələşdirmirlər.
Hesabatda həmçinin Pakistanın şəhər əhalisinin yarısının kövrək və daşqına meyilli ərazilərdə yaşadığına diqqət çəkilir.
Əziz MUSTAFA