Yaponiyanın əhalisi daha 1 milyona yaxın azalıb

Yaponiyanın əhalisi daha 1 milyona yaxın azalıb

7 Avqust 20:12
Bəyəndim (1) Bəyənmədim (0)


2024-cü ildə Yaponiyada yaşayan yaponların sayı 908 574 nəfər azalaraq ölkə əhalisini 120 milyon nəfərə çatdırıb. Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin yeni hesabatından əldə edilən məlumatlar göstərir ki, 2024-cü il ölkə əhalisinin azaldığı 16-cı ildir.

Yaponiyanın əhalisi 2009-cu ildə pik həddinə çataraq 126,6 milyon nəfər təşkil edib. Sonrakı illərdə doğulanların sayı durmadan azalıb, ölənlərin sayı artıb. 2024-cü ildə ölkədə 688 000-dən bir qədər az körpə doğulub ki, bu da 1968-ci ildən bəri ən aşağı rəqəmdir. 2024-cü ildə ölənlərin sayı, 1,6 milyon, məlumat toplanandan bəri ən yüksək göstəricidir. Əmək qabiliyyətli yaşda olan insanların (15-64 yaş) xüsusi çəkisi 59% təşkil edir ki, bu da dünya üzrə orta göstərici olan 65%-dən xeyli aşağıdır. Bunun əksinə olaraq, Yaponiyada yaşlı insanların payı yüksəkdir - ümumi əhalinin demək olar ki, 30%-ni təşkil edir. Eyni zamanda, 2024-cü ildə ölkədə yaşayan əcnəbilərin xüsusi çəkisi 10%-dən çox artaraq rekord həddə - 3,6 milyon nəfərə çatıb. Yaponiya hökumətinin 2023-cü ildə verdiyi son proqnozlarına görə, 2070-ci ilə qədər ölkə əhalisinin sayı 30% azalacaq, lakin bundan sonra “azalma sürəti ilk növbədə beynəlxalq miqrasiya hesabına bir qədər yavaşlayacaq”.

Əziz MUSTAFA