AP: Rusiya Müdafiə Nazirliyinin "Afrika Korpusu" Mali sakinlərini qaçırır və öldürür
Malidə Vaqner PMC döyüşçülərini əvəz edən Rusiya Müdafiə Nazirliyinin "Afrika Korpusu"nun muzdluları mülki şəxsləri qaçırır, öldürür və təcavüz edir. Bu barədə “Associated Press” (AP) agentliyi məlumat verib. Jurnalistlər Mavritaniya ilə sərhədə qaçan Malidən olan 30-dan çox qaçqınla danışıblar.
AP qeyd edir ki, Vaqner PMC altı ay əvvəl Malidən çıxanda yerli sakinlər zorakılıqların bitəcəyinə ümid edirdilər və bəzi qaçqınlar evlərinə qayıdıblar. Lakin onların sözlərinə görə, "Afrika Korpusu" Vaqner PMC muzdluları ilə eyni metodlardan istifadə edərək fəaliyyət göstərir.
"Bu, yandırılmış torpaq taktikasıdır. Əsgərlər heç kimlə danışmırlar. Gördükləri hər kəsi güllələyirlər. Heç bir sual, heç bir xəbərdarlıq yoxdur." "İnsanlar niyə öldürüldüklərini belə bilmirlər", - qaçqınlardan biri deyib.
İki qaçqın jurnalistlərə "ağ kişilər" tərəfindən yandırılan kəndlərin videolarını göstəriblər. Digər ikisi isə yaxınlarının cəsədlərini qaraciyər və böyrəkləri olmayan vəziyyətdə tapdıqlarını bildirib.
"Yalnız ad dəyişib. Geyimlər, nəqliyyat vasitələri, insanlar eyni qalır. Metodlar eyni qalır və daha da pis. Beləliklə, biz yenidən evdən çıxdıq", - deyə Bokar adlı qaçqın jurnalistlərə bildirib.
Rusiya Müdafiə Nazirliyi AP jurnalistlərinin şərh istəklərinə cavab verməyib.
Almaz Həsənli
























































.jpg)


























