ABŞ Avropaya Rusiyanın dünya iqtisadiyyatına qayıdışı planını təqdim edib

ABŞ Avropaya Rusiyanın dünya iqtisadiyyatına qayıdışı planını təqdim edib

11:25
Bəyəndim (2) Bəyənmədim (0)


Donald Tramp administrasiyası son həftələrdə Avropa tərəfdaşlarına Ukraynanın müharibədən sonrakı bərpası və Rusiyanın dünya iqtisadiyyatına qayıdışı ilə bağlı öz baxışlarını əks etdirən bir neçə sənəd təqdim edib. Bu barədə "The Wall Street Journal" mənbələrə istinadən xəbər verib.
Sənədlərdən biri, Amerika maliyyə və digər şirkətlərinin Ukraynadakı layihələr üçün təxminən 200 milyard dollarlıq dondurulmuş Rusiya aktivlərinə necə çıxış əldə edə biləcəyi barədə ətraflı planı ehtiva edir. Bu layihələrə, məsələn, Rusiya qoşunları tərəfindən işğal olunmuş Zaporojye Atom Elektrik Stansiyasından qidalanacaq yeni bir data-mərkəzin Ukraynada tikintisi daxildir.
Digər sənəd isə Rusiya iqtisadiyyatının dünyaya qayıdışını təsvir edir. Bu, Amerika şirkətlərinin strateji sektorlara – nadir torpaq elementlərinin hasilatından Arktikada neft hasilatına qədər – investisiya qoymasını və Rusiya enerjisinin Qərbi Avropaya tədarükünün bərpa edilməsinə kömək etməyi nəzərdə tutur.
Avropa Komissiyası dondurulmuş Rusiya aktivlərindən Ukrayna üçün "təzminat krediti" təmin etmək məqsədi ilə istifadə etmək istəyir, lakin danışıqlarda iştirak edən Amerika rəsmiləri bu yanaşmanın vəsaitləri tez tükəndirəcəyini bildirirlər. Əksinə, Vaşinqton bu pulları investisiya etmək və məbləği artırmaq üçün özəl kapitalı cəlb etməyə hazırdır – bir mənbənin sözlərinə görə, Amerika idarəçiliyi altında bu məbləğ 800 milyard dollara qədər arta bilər.
Bununla belə, Avropa rəsmiləri ABŞ-ın yanaşmasının Rusiyaya iqtisadiyyatını gücləndirmək və hərbi cəhətdən daha güclü olmaq üçün lazım olan fasilə verəcəyindən narahatdırlar, "WSJ" yazır. Qəzetin nəzərdən keçirdiyi Qərb kəşfiyyatının yeni qiymətləndirməsinə görə, Rusiya texniki olaraq artıq yarım ildir tənəzzüldədir və hərbi iqtisadiyyatı saxlamaqla yanaşı qiymətlərə nəzarət etməyə çalışmaq onun bank sektoruna sistemli risk yaradır. Almaniya kansleri Fridrix Merz, 8 dekabrda Vladimir Zelenski, Fransa və Böyük Britaniya liderləri ilə görüşü zamanı ABŞ-ın təkliflərinə "şübhə ilə" yanaşdığını bildirib.
"WSJ"nin Avropalı həmsöhbətlərindən biri ABŞ-ın planlarını Trampın Qəzza sektorunda "Yaxın Şərq Rivyerası" yaratmaq ideyaları ilə müqayisə edib. Digəri isə nəzərdə tutulan Amerika-Rusiya sövdələşmələrini 1945-ci il Yalta konfransının "iqtisadi versiyası" adlandırıb, o zaman İkinci Dünya müharibəsinin qalibləri Avropanı bölüşdürdülər. "Bu, Yalta kimidir," - deyə "WSJ" mənbə bildirib.
Almaz Həsənli