İraqın keçmiş prezidenti Saleh BMT-nin Qaçqınlar üzrə yeni Ali Komissarı olacaq

İraqın keçmiş prezidenti Saleh BMT-nin Qaçqınlar üzrə yeni Ali Komissarı olacaq

16:03
Bəyəndim (2) Bəyənmədim (0)


İraqın keçmiş prezidenti (2018-2022) Bərham Saleh BMT-nin yeni Qaçqınlar üzrə Ali Komissarı təyin edilib. “Reuters” bu barədə daxili sənədə istinadən məlumat yayıb.
BMT-nin baş katibi Antonio Quterreşin imzaladığı 11 dekabr tarixli məktuba əsasən, Saleh beş illik müddətə BMT-nin Qaçqınlar üzrə yeni Ali Komissarı təyin olunur. Onun son 10 ildir bu vəzifəni tutan, 1 yanvar 2026-cı ildən qüvvəyə minən və səlahiyyət müddəti 2025-ci ilin sonunda başa çatan italiyalı Filippo Qrandini əvəz etməsi gözlənilir. Sənəddə təyinatın müvəqqəti olduğu və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) İcraiyyə Komitəsi tərəfindən təsdiqlənəcəyi bildirilir.
Bərham Saleh 1960-cı ildə Süleymaniyyədə anadan olub və Böyük Britaniyada təhsil alıb. 1970-ci illərdə o, Qərb ölkələri ilə münasibətlərdən məsul olduğu Kürdüstan Vətənpərvərlər Birliyinə (PUK) qoşulub. 2001-ci ildən 2004-cü ilə qədər İraq Kürdüstanının Nazirlər Kabinetinə rəhbərlik edib, 2005-ci ildə isə İraq Müvəqqəti Hökumətində Planlaşdırma Naziri olub. 2006-cı ildən 2009-cu ilə qədər Nuri əl-Malikinin kabinetində Baş nazirin müavini, 2009-cu ildən 2011-ci ilə qədər isə yenidən Kürdüstan Regional Hökumətinin Baş naziri vəzifəsində çalışıb. 2018-ci ildə parlament səsverməsinin ikinci turunda İraq prezidenti seçilib, lakin 2022-ci ildə ikinci müddətə namizədliyində məğlub olub.
Almaz Həsənli