Mühafizəkar Kast Çili prezident seçkilərində qalib gəldi

Mühafizəkar Kast Çili prezident seçkilərində qalib gəldi

15 Dekabr 2025 11:13
Bəyəndim (4) Bəyənmədim (0)

Aşırı sağçı siyasətçi, 59 yaşlı Respublika Partiyasından Xose Antonio Kast Çili prezident seçkilərinin ikinci turunun nəticələrinə əsasən qələbə qazanıb.

Oxuməni.az-ın "Deutsche Welle"yə istinadən verdiyi məlumata görə, bu barədə bazar günü ölkənin seçki komissiyası səslərin 83%-i sayıldıqdan sonra bildirib. Onu seçicilərin təxminən 59%-i dəstəkləyib.

Onun əsas rəqibi – Çili Kommunist Partiyasının üzvü, hakim sol-mərkəzçi alyansın namizədi, 51 yaşlı Janett Xara – artıq məğlubiyyətini etiraf edib. O, səslərin təxminən 41%-ni toplayıb və telefon danışığında rəqibini təbrik edib.

Kast prezident postunu üçüncü cəhddə tutacaq. Seçkiqabağı kampaniyasında o, cinayətkarlıq və qanunsuz miqrasiyaya qarşı sərt tədbirlərə diqqət yetirirdi.

Kastın valideynləri – Maykl Kast Şindele və Olqa Rist Haqşpil – Bavariyadan gəlmişdilər. Atası Vermaxtın leytenantı və Milli Sosialist Alman Fəhlə Partiyasının üzvü idi, 1950-ci ildə Almaniyada denazifikasiya zamanı Çiliyə qaçmışdı.

Xose Antonio Kast 1973-1990-cı illərdə Auqusto Pinoçetin diktaturasından bəri Çili prezidenti postunda aşırı sağçı qüvvələrin ilk nümayəndəsi olacaq.

“AFP” agentliyi xatırladıb ki, Santyaqoda anadan olan Kast yerli katolik universitetində hüquq təhsili alıb və 30 ildir siyasətlə məşğuldur. Siyasi karyerası ərzində o, xüsusilə abortların qadağan edilməsini, həmçinin təcili kontrasepsiya, boşanmalar, eynicinsli nikahlar və evtanaziyaya qarşı çıxış edib.

Birinci turda səkkiz namizəd iştirak edib. 2012-ci ildən bəri ilk dəfə olaraq Çilidə seçkilərdə səsvermə məcburi idi. Xose Antonio Kast martın 11-də vəzifəsinin icrasına başlayacaq.

Almaz Həsənli