"Qətiyyətlilər Koalisiyası" Ukraynada qoşunların yerləşdirilməsi üçün planlar hazırlayıb
"Qətiyyətlilər Koalisiyası" Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək və zərurət yarandıqda Ukrayna ərazisinə qoşun yerləşdirmək üçün planlar hazırlayıb. Bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer məlumat verib.
""Qətiyyətlilər Koalisiyası" çərçivəsində ölkə liderlərinin iştirak etdiyi siyasi proseslə yanaşı, hərbi planlaşdırıcıların iştirak etdiyi hərbi proses də var idi. Biz havada, dənizdə və quruda təhlükəsizliyi təmin etmək, eləcə də Ukraynanın öz imkanlarını gücləndirmək üçün hərbi planlar hazırlamaq istədiyimizi bildirdik", - deyə Britaniya Baş naziri bildirib.
Onun sözlərinə görə, koalisiya üzvlərinin hazırda bu ərazilərin hər biri üçün hərbi planları var.
"Buraya lazım gələrsə, quruda yerləşdirmə daxildir, lakin hazırda prioritet ədalətli və davamlı sülhə nail olmaqdır", - Starmer bildirib.
Ukraynaya xarici hərbi kontingentin yerləşdirilməsi ilə bağlı müzakirələr bir müddətdir davam edir. 30-dan çox üzvü olan "Qətiyyətlilər Koalisiyası"nın əvvəlki iclaslarında ölkələr üç düşərgəyə bölünmüşdü: lazım gələrsə, qoşunlarını Ukraynaya göndərməyə hazır olduqlarını bəyan edənlər, hazır olmayanlar və hələ qərar verməyənlər.
Birləşmiş Krallıq, Fransa, İsveç, Danimarka, Norveç, Baltikyanı ölkələr, Hollandiya və Avstraliyanın Ukraynaya qoşun yeritməyə hazır olduqları məlumdur. Böyük Britaniyanın Baş naziri Kir Starmer 14 və 15 dekabr tarixlərində Berlində keçirilən Aİ, Ukrayna və Amerika nümayəndə heyəti liderləri arasında danışıqlarda iştirak edib. Ukrayna və tərəfdaşları təhlükəsizlik zəmanətləri kimi vacib məsələlərə diqqət yetirərək ABŞ sülh planını Almaniyanın paytaxtında yekunlaşdırıblar.
Zəmanətlərdən əlavə, mövcud sülh planının daha iki bölməsi var: 20 maddəlik çərçivə sazişi və müharibədən sonrakı Ukraynanın yenidən qurulması ilə bağlı sənəd.
Əhəmiyyətli olan odur ki, ərazi məsələsi danışıqlarda çətin məsələ olaraq qalır - Ukrayna ordusunu Donbasdan çıxarmağa razılıq verməkdən imtina edir.
Əziz MUSTAFA



















































































