Kobaxidze Azərbaycanı Gürcüstanın "xüsusi dostu" adlandırdı

Kobaxidze Azərbaycanı Gürcüstanın "xüsusi dostu" adlandırdı

15:50
Bəyəndim (2) Bəyənmədim (0)


Azərbaycan Gürcüstanın "xüsusi dostu"dur və iki ölkə hökumətləri istənilən məsələdə asanlıqla razılığa gələ biləcəklər. Oxuməni.az-ın məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan televiziyasında çıxışı zamanı bildirib.
Hökumət başçısı qeyd edib ki, Tiflis və Bakı arasında müstəsna dərəcədə dostluq münasibətləri yaranıb.
Kobaxidze bildirib ki, yaxın zamanda Türkmənistanda Azərbaycanın Baş naziri Əli Əsədovla "səmimi görüşü" olub. Kobaxidzenin sözlərinə görə, danışıqların mövzusu Azərbaycandan Gürcüstan ərazisi vasitəsilə tranzitlərin yekun formatıdır.
"Bizim üçün Azərbaycan tərəfinin maraqları, eləcə də Ermənistan tərəfinin maraqları tamamilə qəbul ediləndir. Bizim öz maraqlarımız var və düşünürəm ki, danışıqların nəticələrinə əsaslanaraq, hər üç ölkənin maraqlarını təmin edəcək ən yaxşı yolu asanlıqla tapacağıq", - deyə Kobaxidze bildirib.
Gürcüstanın Baş naziri Cənub Qaz Dəhlizi Sazişinin müddətinin bitməsi ilə bağlı suala da cavab verərək, bütün məsələlər üzrə danışıqların aparıldığını qeyd edib. Kobaxidze vurğulayıb ki, Gürcüstan tərəfi hər iki tərəf üçün sərfəli olan sənədin imzalanacağına ümid edir.
Qeyd edək ki, dekabrın əvvəlində bir sıra Azərbaycan KİV-ləri Gürcüstan hakimiyyətini tənqid edən məqalələr dərc edib. Nəşrlər Tiflisə tranzitə maneə yaratmaqda və regional sabitliyi pozmaqda ittiham edib.
Bu nəşrlər sərhəddə Azərbaycan yük maşınlarının gecikməsi və dəmir yolu daşımaları üçün mübahisəli tariflər səbəbindən ikitərəfli münasibətlərdəki gərginlik fonunda yayımlanıb.
Bundan qısa müddət sonra Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi bildirib ki, Azərbaycandan Ermənistana bir dəfəlik tranzit daşınması pulsuz həyata keçiriləcək.
Almaz Həsənli