Nikol Paşinyan: "Rusiyadan Naxçıvan və Türkiyə sərhədlərinə gedən dəmir yolunu təcili bərpa etməsini xahiş etdim"

Nikol Paşinyan: "Rusiyadan Naxçıvan və Türkiyə sərhədlərinə gedən dəmir yolunu təcili bərpa etməsini xahiş etdim"

15:43
Bəyəndim (2) Bəyənmədim (0)


"Rusiyalı həmkarlarımdan Yerasxdan Naxçıvanla sərhədə qədər olan hissənin və Axurıqdan Türkiyə ilə sərhədə qədər olan hissənin dəmir yolunun tam bərpasını təcili həyata keçirmələrini xahiş etdim". Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 18-də jurnalistlərlə söhbətində bildirib.
O, yaxın vaxtlarda İcevan – Qazax hissəsi məsələsini də qaldıracağını söyləyib. Onun qiymətləndirməsinə görə, bu hissənin də tez bərpa olunmasına ehtiyac var. Paşinyan ümid etdiyini bildirib ki, rusiyalı həmkarları bu xahişi həyata keçirəcəklər.
O əlavə edib ki, Meğridəki dəmir yolu hissəsi Rusiyanın idarəçiliyində deyil ki, onu Ermənistana təhvil versinlər. "Bu, Ermənistanın suveren ərazisidir və biz bu ərazinin idarəçiliyini heç kimə həvalə etməmişik. Orada idarə olunacaq bir dəmir yolu yoxdur", - deyə o əlavə edib.
Baş nazir xatırladıb ki, ABŞ-da avqustun 8-də bəyannamə imzalandıqdan sonra deyilirdi ki, bu sənəd Rusiyaya qarşı yönəlib. "Mən isə deyirdim ki, bu, Ermənistan-Rusiya münasibətləri baxımından yeni imkanlar açır. Rusiya və Ermənistan avqustun 8-də sənədin imzalanmasından əvvəl müstəqil Ermənistan və Rusiyanın bütün tarixində mövcud olmayan dəmir yolu əlaqəsini qurublar", - deyə o qeyd edib.
Bununla belə, hökumət başçısı əlavə edib ki, TRIPP ikitərəfli layihədir və üçüncü tərəflərin cəlb edilməsi yalnız ikitərəfli formatda müzakirə oluna bilər. "Bu, aydın şəkildə qeyd olunub", - deyə Paşinyan yekunlaşdırıb.
Almaz Həsənli