MKİ direktoru Rusiya və Ukrayna ilə danışıqlarda Uitkoffu əvəz edə bilər

MKİ direktoru Rusiya və Ukrayna ilə danışıqlarda Uitkoffu əvəz edə bilər

11:14
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff ABŞ-ın Rusiya və Ukrayna ilə danışıqlarında daha fəal rol oynamağa hazırlaşır. Oxuməni. az xəbər verir ki, Britaniyanın “Financial Times” qəzeti çərşənbə günü mənbələrinə istinadən bu barədə məlumat yayıb.

Qəzetin məlumatına görə, Ağ Evdə hesab edirlər ki, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşnerin sentyabrın əvvəlində baş tutan səfəri onların danışıqlar çərçivəsində son səfəri ola bilər. Onların Moskvaya səkkiz, Kiyevə isə bir səfəri gözlənilən nəticəni verməyib.

İndi Tramp administrasiyası müharibənin dayandırılması ilə bağlı danışıqlarda təşəbbüsü Retkliffə həvalə etmək imkanını nəzərdən keçirir. Financial Times-ın mənbələri bildiriblər ki, Uitkoff xüsusi nümayəndə vəzifəsini saxlayacaq və MKİ direktoru ilə birlikdə danışıqlarda iştirakını davam etdirə bilər. Hazırda isə onların danışıqlarda hansı məsələlər üzrə aparıcı rol oynayacağı müəyyənləşdirilir.

Ağ Ev qəzetin yaydığı məlumatı “tamamilə saxta xəbər” adlandırıb. MKİ rəhbərinin mümkün yeni rolu ilə bağlı qurumdan şərh verməkdən imtina ediblər.

Qəzetin mənbələrinin məlumatına görə, Tramp hələ yekun qərar qəbul etməyib. Bununla belə, Retkliffə yaxın ABŞ rəsmiləri artıq avropalı həmkarlarını onun Moskva və Kiyevlə danışıqlarda iştirak edə biləcəyi barədə məlumatlandırıblar.

Financial Times yazır ki, Uitkoffun danışıqlar prosesində rolunun azaldılması barədə məlumat Avropada müsbət qarşılanıb. Avropalılar Rusiya ilə bir il yarımdır davam edən danışıqlardan sonra ən azı müəyyən irəliləyiş əldə olunacağına ümid edirlər.

Bundan əlavə, qəzetə Kuşnerin çevrəsinə yaxın mənbələr bildiriblər ki, o, diqqətini Ukraynadakı müharibədən Qəzzadakı münaqişənin, eləcə də ABŞ və İsrailin İrana qarşı müharibəsinin başa çatdırılmasına yönəltməyi planlaşdırır.

Almaz Həsənli