Suriyada yanacağın bahalaşmasına görə kütləvi etirazlar başlayıb

Suriyada yanacağın bahalaşmasına görə kütləvi etirazlar başlayıb

12:10
Bəyəndim (0) Bəyənmədim (0)

Suriyada Bəşər Əsədin devrilməsindən sonra ən böyük etiraz aksiyaları başlayıb. Oxuməni.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Etirazlara yanacağın qiymətinin kəskin artması səbəb olub.

Aksiyalar ölkənin müxtəlif bölgələrində keçirilib. Etirazçılar avtomobil şinlərini yandırıb, əsas yolları, o cümlədən Dəməşq ilə Hələb arasındakı magistral yolu bağlayıblar. Nümayişlər Suriya hökumətinin sentyabrın 12-də dizel yanacağının qiymətini 40 faiz artıraraq litrini 175 Suriya funtu ($1,32) müəyyən etməsindən sonra başlayıb.

Hakimiyyət həmçinin məişət və sənaye qazının qiymətini təxminən 9 faiz, Aİ-95 markalı benzinin qiymətini 28 faiz, Aİ-90 markalı benzinin qiymətini isə 26 faiz artırıb. Bəzi etirazçılar Mərkəzi Suriyadakı neft emalı zavodlarına gedən neft çənlərini bloklayaraq energetika və iqtisadiyyat nazirlərinin, eləcə də Suriya Neft Şirkətinin rəhbərinin istefasını tələb ediblər.

Suriyanın energetika nazirliyinin nümayəndəsi Əbdülhəmid Sələt qiymət artımını müvəqqəti tədbir adlandırıb. Onun sözlərinə görə, bu qərar dünya bazarında alış qiymətlərinin artması və ölkənin idxaldan yüksək asılılığı ilə bağlıdır. Suriyanın Bəniyas şəhərində yerləşən ölkənin ən böyük neft emalı zavodunun texniki xidmətə görə üç ay müddətinə fəaliyyətini dayandırması da vəziyyəti çətinləşdirib.

Reuters qeyd edir ki, Suriya böyük ölçüdə Rusiya neftindən asılıdır və bu il sutkada təxminən 60 min barel neft idxal edib. Bununla yanaşı, Rusiyada neft məhsullarının istehsalının azalması fonunda tədarüklər təzyiq altında qalıb. Fevral ayından etibarən Suriyada Aİ-95 benzininin qiyməti təxminən 86 faiz, dizel yanacağının qiyməti isə iki dəfədən çox artıb.

Almaz Həsənli