Qarabağda ermənilərin əl-qolunu bağlamaq üçün vacib addım: “Onlar bizi yaxşı tanıyırlar”
“Hadur qəsəbəsində məskunlaşmaq üçün hazırda Göyçə mahalı Basarkeçər rayonu Nərimanlı kəndindən 914, Əzizli – Qaraqoyunlu kəndindən 86 ailə ərizə ilə müraciət edib. Biz o ərizələrin, şəxsiyyət vəsiqələrinin surətlərini Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə təqdim etmişik. Ərizə və vəsiqələrin bir surəti isə özümdədir”.
Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə Hadruta köçmək istəyən Nərimanlı kənd icmasının təşkilati məsələlər üzrə səlahiyyətli nümayəndəsi, ağsaqqal Sahib Musayev bildirib.
O qeyd edib ki, “Qaçqınkom”dan hələlik gözləməyi məsləhət biliblər:
“Ərizələri Komitəyə təqdim etdikdən az müddət sonra bizə hələlik gözləmək lazım olduğu bildirildi. Bununla yanaşı, biz Daxili İşlər Naziri Vilayət Eyvazova da müraciət etmişik. Çünki, o, Prezident İlham Əliyevin imzaladığı sərəncamla həm də hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin olunub. Müraciətimizin məğzi bundan ibarət idi ki, Nərimanlıdan olan 10 nəfərlik heyətlə Hadrut qəsəbəsinə səfər etməyimizə, ərazi ilə yaxından tanış olmağımıza şərait yaradılsın. Oradan müsbət cavab almışıq. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Oqtay Kərimovun rəsmi cavab məktubunda bildirilib ki, müraciətə baxılıb, təhlükəsizlik təmin olunduqdan dərhal sonra bizim istəyimiz reallaşdırılacaq”.
S.Musayev Nərimanlı kənd sakinlərinin Hadruta köçmək istəməsinin səbəbini də açıqlayıb. Qeyd edib ki, belə bir təşəbbüsün başlıca məqsədi Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdəki məskunlaşdırma siyasətinə dəstək olmaqdır:
“Biz Nərimanlı sakinləri məhz Ermənistanın deportasiya siyasəti nəticəsində 1988-ci ildə öz yurd-yuvamızdan didərgin düşmüşük. Bizim yaşamaq, mülkiyyət hüquqlarımız bu ölkə tərəfindən pozulub, ümumilikdə 100 minlələ azərbaycanlı qaçqına çevrilib. Bu saat Rusiya da, ermənilər də Hadrutu tələb edir. Bizim fikrimizcə, Ermənistandan olan azərbaycanlı qaçqınlar orada məskunlaşdırılmalıdır ki, gələcəkdə Ermənistandakı tarixi torpaqlarımız barədə tələb irəli sürə bilək. Yəni, ya bizim torpağımızı verin, bizi qaçqın saldığınız torpaqlara qaytarın, ya da biz burada yaşayırıq deyə bilək. Bununla biz Azərbaycan dövlətinin məskunlaşdırma siyasətinə dəstək vermiş olarıq. Məhz Hadrutun özündə məskunlaşmaq niyyətimizə gəlincə, əvvəla burada əsasən ermənilər yaşayıb. İşğaldan azad olunan digər ərazilərdə isə azərbaycanlılar yaşayıb. Hazırda məcburi köçkün həyatı yaşayan həmin azərbaycanlıların da öz kəndinə, el-obasına, evinə qayıtmaq jhüququ var və biz buna hörmətlə yanaşır, anlayırıq. Ona görə də o yaşayış məntəqələrinə köçürülmək barədə istəyimiz yoxdur. Hadurtun seçilməsinin digər mühüm səbəbi köçürülmək və bir yaşayış məntəqəsində yaşamaq istəyən min ailəni yalnız Hadurta məskunlaşdırmağın mümkün olmasıdır. Başqa elə bir böyük yaşayış məntəqəsi yoxdur ki, Nərimanlı kəndi oraya yerləşə bilsin. Məskunlaşmaq üçün müraciət edən ailələrin hamısı köçməyə hazırdır. Tez-tez zəng vurub vəziyyət barədə məlumat öyrənir, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin verəcəyi qərarı, xoş xəbəri səbrsizliklə gözləyirlər”.
S.Musayev Nərimanlı kənd sakinlərinin Hadruta köçürülməsinin siyasi və tarixi əhəmiyyətindən də söhbət açıb:
“1988-ci ildə biz xalq və dövlət olaraq bir çox prosesləri qabaqlaya bilmədik, zamanında lazımi addımlar atıb, çevik qərarlar verib başımıza gətiriləcək müsibətlərin qarşısını ala bilmədik. Bu, bizə baha başa gəldi. Həm Ermənistandakı tarixi torpaqlarımızı itirdik, Azərbaycanın 20 faiz ərazisi işğal olundu, həm də insanlarımız qaçqın və məcburi köçkünə çevrildilər. Ermənistan azərbaycanlıları deportasiya olunanda Azərbaycan ayağa qalxmalı, buna imkan verməməliydi. Çünki, Ermənistandan azərbaycanlıların çıxarılması Qarabağa olan hücumun başlanğıcı idi. Nərimanlı kənd sakinləri Ermənistandan deportasiya olunanda həmkəndlilərimizin çox hissəsi Şuşa və Xocalıda məskunlaşmaq istəyirdi. Bizim o zaman niyyətimiz erməniləri bu ərazilərdə demoqrafik baxımdan üstələmək, onları sıxışdırmaq, buradan çıxarmaq idi. Amma o zaman Ayaz Mütəllibovun bandası buna imkan vermədi. Ayaz Mütəllibov şəxsən bizə bildirdi ki, “Siz qaçqınlara görə mən ermənilərlə pis ola bilmərəm”,-dedi. Nəticədə Şuşadan, Xocalıdan və Qarabağın digər bölgələrindən Ermənistan azərbaycanlılarını zorla çıxardılar. Çox az, barmaqla sayılacaq qədər ailə qala bildi orada. Misal üçün, basarkeçər rayonunun Əzizli – Qaraqoyunlu kəndindən bir ailə Xocalıda qala bilmişdi ki, o ailə də Xocalı Soyqırımında həlak oldu. Əgər biz Xocalıda, Şuşada və digər ərazilərdə zamanında məskunlaşdırılsaydıq, ermənilərin sonrakı planlarının qarşısını ala, onlara qarşı xalq olaraq birlikdə güclü müqavimət göstərə bilərdik. Əgər oraya yerləşmiş olsaydıq, erməninin nəinki Qarabağda, heç bir yerdə izi-tozu qalmayacaqdı. O zaman çox böyük siyasi, tarixi səhvlər oldu. Biz olanlardan düzgün nəticə çıxarmalı, tarixi səhvləri yenidən təkrarlamamalıyıq. Bunun üçün atılacaq addımlardan biri də Hadruta, eləcə də əsasən ermənilərin yaşadığı, hazırda işğaldan azad olunmuş ərazilərə Ermənistandan deportasiya olunmuş azərbaycanlıların, o cümlədən Nərimanlı kənd sakinlərinin köçürülməsidir. Bizim ora köçməyimiz ermənilərin səsini ömürlük batıracaq, əl-qolunu bağlayacaq. Onlar bizi yaxşı tanıyırlar. Yalnız yerli əhalini, yəni erməniləri oraya yenidən yerləşdirmək isə onlara yeni fürsətlər tanımaqdır. Bu, gələcəkdə Azərbaycan üçün yeni problemlərə yol aça bilər”.












































.jpg)
.jpg)




.jpg)


















.jpg)














