Azərbaycanda “cırtdan” partiyalar bağlanacaq? – “6-8 ay sonra...”

Azərbaycanda “cırtdan” partiyalar bağlanacaq? – “6-8 ay sonra...”

18 Yanvar 2023 20:18
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda “siyasi partiyalar haqqında” qanun qəbul olunandan sonra siyasi partiyaların birləşməsi ilə bağlı məsələ gündəmə gəldi. Belə ki, yeni qanuna görə, “cırtdan partiya”ların mövcudluğunu davam etdirməsi bununla da artıq qeyri-müşkülə çevrilib. Bu isə siyasi partiyaların birləşməsini zəruri edib.

Nəzərə alsaq ki, Azərbaycanda heç bir partiya özünü “cırtdan partiya” hesab etmir və birinin sözü digərinin boğazından keçmirsə, o zaman Azərbaycanda siyasi partiyaların birləşməsi nə dərəcədə real görünür?

Oxuməni.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Ağ Partiya başqanı Tural Abbaslı söyləyib ki, bu gün Azərbaycanda hansı partiyaya desən ki, sən “cırtdan partiya”san, qəbul etməyəcəklər:

“Yaxud siz kiminləsə birləşəcəksinizmi və ya sizinlə birləşəcəklərmi sualını versəniz, onlar deyəcək ki, biz böyük partiyayıq, kim istəyir, bizimlə birləşsin və s”.

“İndi də aşağı-yuxarı həmin sözləri mən də deyirəm. Bəlkə də bunu deməyə haqqı olan 2-3 partiya varsa, biri də bizik. Çünki Ağ Partiya bu gün Azərbaycanın ən populyar və ən çox yeni üzv cəlb edə bilən partiyalarından biridir. Amma zamanı da qabaqlamağa ehtiyac yoxdur. Bildiyiniz kimi, yeni qanunun tələbinə görə, partiyalar reyestr qeydiyyatından keçməlidir. Orada da minimum tələb 5 min üzvün məlumatlarıdır. Eyni zamanda o siyahılar təqdim olunandan sonra 2 ay müddətinə siyasi partiyalar qurultaylarını keçirməlidirlər. Üst-üstə toplasaq, 6-8 ay sonra hansı partiya qaldı, hansı partiya birləşdi, hamısı bilinəcək; bunu zaman göstərəcək”, – əlavə edib.

T. Abbaslının fikrincə, kimin hansı gücdə olduğunu, əslində, bu göstərməyəcək:

“Çünki hamımız bilirik ki, Azərbaycan reallığında bəzən konyekturaya uyğun partiyalar da buraxıla bilər, hansı ki, o, heç həmin kriteriyalara cavab verməsə belə, konyektura uyğundur deyə, onlar da qeydiyyatdan keçə bilərlər. Biz sonuncu Prezident seçkilərində partiya olaraq iştirak etdik və 41 min imza yığdıq. Çox böyük əziyyətlə, əzabla biz bunu son saatda çatdırdıq. Amma bizdən 10 gün sonra başlayıb, bizdən yardım istəyənlər qeydiyyatdan keçdi, lakin bizi qeydiyyatdan keçirmədilər”.

Ağ Partiya başqanı iddia edib ki, nə qədər ki Azərbaycanda normal, ədalətli, demokratik seçki keçirilməyəcək, onda bütün partiyalar deyəcək ki, ən güclü partiya bizik:

“Ona görə də məsləhətim odur ki, 6-8 ay gözləyək. Partiyalar mövzusunda Azərbaycan siyasi səhnəsində hansıları qalacaq, hansıları birləşəcək, hansıları özünü buraxacaq, bunu görəcəyik. Məsələn, Qubad İbadoğlunun Azərbaycan Demokratik Rifah Partiyası var idi ki, onlar bu yaxınlarda elan etdi ki, biz partiya yox, hərəkat oluruq”.

Partiya sədri vurğulayıb ki, ona görə də bir az zamana ehtiyac var və o, indidən heç bir partiyanın xətrinə dəymək, aşağılamaq istəmir:

“Çünki zaman indi o zaman deyil. Amma zaman bunu göstərəcək. Doğrudur, bizim bununla bağlı hər hansı bir problemimiz yoxdur. Lakin təbii ki, biz “siyasi partiyalar haqqında” qanunun bu formatda qəbulunun əleyhinə idik, sözümüzə də demişdik. Çünki bu, çoxpartiyalı sistemin inkişafına gətirməyəcək, əksinə, problemlər yaradacaq. Ona görə ki, ildə bir dəfə reyestr təqdimatı, yoxlamalar olacaq, eləcə partiyaların heç bir hüququ olmayacaq, sənədləşmə ağırlaşdırılacaq və s. Bu da partiyalara marağı azaldır və reyestr olduğunu bilən üzvlərin partiyalara axını da azalacaq, ehtiyat edəcəklər”.

“Ancaq bizim etirazlarımıza baxmayaraq, bu qanun layihəsi parlamentdən keçdi, Prezident imzaladı və rəsmi qəzetdə bu barədə məlumat dərc olundu. Hələlik tələb olunan kriteriyaları ödəmək baxımından bizdə elədə bir problem yoxdur. Amma desək ki, biz məlumatlarımızı sabah verəcəyik, yox. Çünki biz prosesləri izləyirik, hazırlayırıq, təqdimat olunmalı məlumatların siyahılarını səliqəyə salırıq. Lakin düşünmürəm ki, Ağ Partiyanın bununla bağlı problemləri olacaq”.

Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə bildirib ki, Azərbaycanda siyasi proseslər hansısa bir qeyri-təbii yol və yaxud üsullara mümkün deyil, yalnız siyasi reallıqlarla bağlıdır:

“Bu gün Azərbaycanda kiçik, yaxud böyük bir partiya olmağın heç bir mənası yoxdur. Çünki ölkədə siyasi partiyaların ölkənin siyasi həyatıyla bağlı atacaqları addım barəsində Konstitusiyada heç bir maddə yoxdur. Real olaraq Azərbaycanda çoxpartiyalı siyasi sistem Konstitusiyada təsbit olunmayıb. Hakimiyyət siyasi partiyaları siyasi həyatdan uzaqlaşdırmaq istiqamətində hər cür cəhdlər edir. Buna görə də partiyalar birləşdi, yaxud birləşmədi, bunun məsələyə aidiyyəti yoxdur”.

“Yeni qanun da “cırtdan partiyalar”ın sıradan çıxarılmasına xidmət etmir, əksinə, arzuolunmaz partiyaların sıradan çıxarılması məqsədi burada var. Ona görə də düşünmürəm ki, qanuna görə kimsə birləşəcək. Sadəcə olaraq, ölkədə elə ictimai-siyasi proseslər ola bilər ki, onda birləşmə günün tələbatına çevrilər. Belə olan zaman, əlbəttə ki, siyasi partiyalar mütləq birləşəcək”, – ADP sədri fikirlərini tamamlayıb.