Hacı Şahinin ölümü qəfil və şübhəli olmayıb: – “Dəfələrlə ürək şikayətiylə həkimə müraciət edib”

Hacı Şahinin ölümü qəfil və şübhəli olmayıb: – “Dəfələrlə ürək şikayətiylə həkimə müraciət edib”

3 Mart 2023 22:31
Bəyəndim (0) Bəyənmədim (0)

“Hacı Şahinin vaxtsız və qəfil vəfatı hamımızı çox üzdü. Amma bu gün apardığımız ilkin tibbi araşdırmalardan sonra bəlli oldu ki, hadisə heç də "gəfil və sirli" olmayıb”.

Oxuməni.az xəbər verir ki, bunu Tibb elmləri doktoru, ürək-damar cərrahı Rəşad Mahmudov özünün “Facebook” hesabında yazıb. O, Hacı Şahin Həsənlinin xəstəlik tarixçəsi ilə bağlı topladığı məlumatları paylaşıb.

“Son illərdə müayinəsində olduğu bir çox həkimdən aldığım tibbi məlumatları sizinlə paylaşmağı özümə borc bildim. Çünki bunu etmədikcə lazımsız şübhələr və fərziyələr gün-gündən artacaqdır

Aldığımız ilkin tibbi (anamnestik) məlumatlardan bəlli oldu ki, Hacı Şahin Həsənli uzun illərdən bəri (2016) dəfələrcə ürək şikayətləriylə həkimlərə müraciət edib. Hər dəfəsində də ona anjiografiya müayinəsinə mütləq ehtiyac olduğu bildirilib. Əfsuslar olsun ki, hər dəfəsində bir bəhanə ilə müayinədən uzaqlaşıb. Dünən isə yenidən təcili yardıma kəskin ağrılarla müraciət edən mərhuma (Kəskin koronar sendrom) xəstəxanaya yatmasının vacibliyi bildirilsə də, ilkin yardım sonrası ürək ağrısı keçincə yenidən öz istəyi və yaxınlarının imzalı sənədi ilə təcili yardımdan ayrılaraq evinə gedib. Təcili yardımda baxılan analizdə troponin dəyəri normadan yüksək çıxmışdır”.

R.Mahmudov bu məlumatlara əsaslanaraq bildirir ki, Hacı Şahinin ölümü qəfil və şübhəli olmayıb: “Bir ürək həkimi kimi onu deyə bilərəm ki, nəticədə uzun illərdən bəri ondan imdad gözləyən ürəyi gecə yarısı geniş miqyaslı infarktla ölümə səbəb olub. Bütün bunlar bir daha göstərir ki, hadisə daha çox çarəsi olan, “gəlirəm” deyən, amma müalicə olunmayan ürək xəstəliyindən baş verib.

Bu tibbi məlumatı paylaşmaqda məqsədim cəmiyyəti az da olsa bilgiləndirmək və lazımsız şübhələrə son verməkdir. Əlbəttə ki, hüquq-mühafizə orqanları məsələni daha dərindən araşdıraraq, hər hansı bir suistimal və s. varsa hadisəyə aydınlıq gətirəcəkdir. Allah rəhmət eləsin. Ailəsinə və sevənlərinə səbir diləyirəm.”