Bakı Qərb ilə Rusiya arasında böhranın həlli üçün məkan rolunda çıxış edir

Bakı Qərb ilə Rusiya arasında böhranın həlli üçün məkan rolunda çıxış edir

9 Mart 2023 18:45
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Qlobal Forumunu tam haqlı olaraq qlobal məsələlərin müzakirə edildiyi əsas məkanlardan biri adlandırmaq olar. Onuncu Bakı Qlobal Forumu həm də ona görə unikaldır ki, o, dünya modelinin əsaslı şəkildə yenidən qurulması, transformasiyası dövründə, soyuq müharibə başa çatandan sonra Şərq ilə Qərb arasında ən ciddi qarşıdurma dövründə keçirilir. Azərbaycan bu gün ölkələrin üzləşdiyi iqtisadi, siyasi və humanitar böhranların aradan qaldırılması üçün qlobal əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edir.

Oxuməni.az xəbər verir ki. Azərbaycan Rus İcmasının sədrinin müavini, jurnalist və politoloq Anastasiya Lavrina bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.

A.Lavrina deyib: “Öz ölkəsi, öz xalqı haqqında düşünmək, lakin bu halda başqa ölkələrin də inkişafına xidmət edən təşəbbüslər irəli sürmək - Azərbaycanın lideri İlham Əliyevə xas olan nadir keyfiyyətdir. Azərbaycan Prezidenti artıq beynəlxalq səviyyədə ədalət uğrunda əsl mübariz kimi tanınıb. Xatırlayaq ki, Azərbaycan Ermənistanla münaqişənin sülh yolu ilə nizamlanması üçün 30 ilə yaxın müddətdə nə mümkündürsə etmişdi. Ermənistan öz işğalçı siyasətini davam etdirədiyi, Azərbaycanda isə bir milyona yaxın qaçqın və məcburi köçkün olduğu bir vaxtda da Bakı sülhdən danışırdı. Təəssüf ki, bu çoxillik münaqişəyə məhz müharibə yolu ilə nöqtə qoymaq mümkün oldu, lakin müharibədən demək olar ki, dərhal sonra Bakıda İrəvanla sülh müqaviləsi imzalanmasının vacibliyi, regiondakı bütün ölkələrin xeyrinə olan layihələri inkişaf etdirməyin zəruri olması barədə danışmağa başladılar. Məhz Azərbaycan COVID-19-a qarşı mübarizə məqsədilə vaksinlərin ədalətli bölgüsünü tələb edərək, BMT-nin xüsusi sessiyasının çağırılması ideyasını irəli sürdü. Avropa ölkələri enerji böhranı ilə üzləşəndə Azərbaycan Avropanın köməyinə gəldi. Bu gün Bakı elə bir məkan rolunda çıxış edir ki, orada ölkələr Ukraynada müharibə səbəbindən Qərb ilə Rusiya arasında yaranmış ciddi böhranın həllini tapmağa çalışırlar”.

Politoloq cəmi bir həftə bundan əvvəl Bakıda keçirilmiş Qoşulmama Hərəkatının sammitini, Azərbaycanın artıq dördüncü ildir ki, bu hərəkata uğurla sədrlik etməsini xatırladaraq deyib: “Bu təşkilatın üzvü olan bütün ölkələr ölkəmizin sülhü inkişaf etdirmək səylərini yüksək qiymətləndirirlər. Prezident İlham Əliyev sammitdəki çıxışında iki çox ciddi təşəbbüs irəli sürüb. Birinci təşəbbüs BMT Təhlükəsizlik Şurasında islahatlar aparmağın zəruriliyi, bəzən fikirlərinə çox sərt şəkildə etinasızlıq göstərilən ölkələrin də orada söz sahibi olması barədədir. Bundan əlavə, Fransanın müstəmləkəçi keçmişi məsələsinə dair toxunulub. Tarixin bir səhifəsini çevirmək istəməyən bu ölkə keçmiş müstəmləkələri bərabərhüquqlu tərəfdaşlar kimi görməkdən imtina edir. Azərbaycan Prezidenti İlham Əliyev Fransanı əvvəlki illərdə törətdiyi müstəmləkəçi cinayətlərə görə üzr istəməyə çağırıb. Bu çağırış Fransanın özündə də dəstəklə qarşılanıb”.

Bu gün Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə başlanmış “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda 61 ölkədən 360 nümayəndə, o cümlədən 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 strukturunun rəhbərləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri iştirak edir.

Martın 11-dək davam edəcək forumda yeni dünya nizamına təhlükə doğuran amillər, o cümlədən təhlükəsizlik və sülhün təmin edilməsi perspektivləri, qütbləşmiş dünyada sabitliyin bərqərar olması, onun qlobal sülhə təsiri məsələləri nəzərdən keçiriləcək, bəşəriyyətin üzləşdiyi təhdidlərin həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələr, meqatəhdidlər, o cümlədən iqlim, nüvə və ərzaq təhlükəsizliyi kimi məsələlərə toxunulacaq, postpandemiya dövründə qarşıda duran işlər barədə fikir mübadiləsi aparılacaq. Əsas müzakirə mövzuları arasında yoxsulluğun, qeyri-bərabərliyin, iqlim böhranının və münaqişələrin simptomu olan miqrasiyanın qarşısının alınması məsələsi də var. Forum iştirakçıları Avropanın gələcəyi barədə fikir mübadiləsi aparacaq, populizmin və ekstremizmin mənbələrini nəzərdən keçirəcək, onlara qarşı səmərəli mübarizə yollarını müəyyən edəcəklər.