Erməni təxribatı nəticəsində şəhid olan hərbçilərimiz

Erməni təxribatı nəticəsində şəhid olan hərbçilərimiz

12 Aprel 2023 09:43
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Ermənistan ordusu Laçın rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvvələrinin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Cavab tədbirləri zamanı Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub. Şəhidlərimiz Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğludur. Onlarla sizi tanış edirik

Bir neçə ay əvvəl evlənmişdi... - 29 yaşlı şəhidimiz

Ötən gün Laçın istiqamətində Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhid olan hərbçilərimizdən biri gizir Həsənov Elşad Qabil oğludur.

Oxuməni.az-ın məlumatına görə, şəhid hərbçimiz 1994-cü il təvəllüdlüdür. O, Ağstafa rayonunun Xətai kəndinin sakini olub. Əslən Gədəbəy rayonunun Qaravəlilər kəndindəndir. Elşad Həsənov uşaq olarkən ailəsi Ağstafa rayonunun Xətai kəndinə köçüb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, gizir Elşad Həsənov bir neçə ay öncə ailə həyatı qurub. O, Laçında xidmətdə olub

Şəhid Vidadi Zalov evin tək oğul övladıdır

Laçın istiqamətində düşmənin təxribatı nəticəsində şəhid olan hərbçilərimizdən biri – gizir Vidadi Zalov Abşeron rayonunun Saray qəsəbəsindəndir.

O, 17 iyul 1985-ci ildə anadan olub. Vaxtilə Saray qəsəbəsində sovxoz direktoru işləmiş Nizami Zalovun yeganə oğul övladıdır.

Vidadi Zalovdan Nizami adlı bir oğlu və Humay adlı bir qız övladı yadigar qaldı.

Şəhid Tağıyev Səbuhi Gündüz oğlu

Düşmən təxribatının qarşısını alarkən şəhid olanlardan biri də Tağıyev Səbuhi Gündüz oğludur.

O, Naxçıvanın Şahbuz rayonunun Badamlı qəsəbəsindəndir.

Allah qəni-qəni rəhmət eləsin!