Mədəniyyət naziri seçilməsəydi, birdəfəlik ABŞ-a köçəcəkdi
Ermənistanın yeni hökuməti qeyri-adi kadr siyasəti həyata keçirir. Yeni nazirlərin kimliyi cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Yerli "Jamanak (Zaman)" qəzetinin məlumatına görə, bu günlərdə yeni mədəniyyət naziri Armen Əmiryanın ABŞ-da yaşamaq hüququnu təmin edən "Green Card" sahibi olduğu bəlli olub.
Belə ki, bir neçə il əvvəl A.Əmiryan qaynının köməyi ilə ABŞ-ın Glendeyl bölgəsində ev alıb. "Green Card"-ı əldə etdikdən sonra maliyyə sıxıntısı səbəbindən bu evi satmalı olub. Yeni nazir ailə üzvləri ilə birlikdə ildə iki dəfə ABŞ-a yollanaraq "Green Card"-ı yeniləyir.
Qəzetin məlumatında o da bildirilir ki, Armen Əmiryan nazir seçilməyəcəyi təqdirdə ailəliklə birdəfəlik ABŞ-a yerləşəcəkdi. Onun nə vaxtsa nazir vəzifəsini təhvil verdikdən sonra bu addımı atacağı istisna olunmur.
Yerli analitiklər Armen Əmiryanın mədəniyyət naziri vəzifəsinə təyin olunmasını yanlış kadr siyasətinin göstəricisi kimi qiymətləndirirlər. Belə ki, onun nazir vəzifəsində yalnız şəxsi kapitalını artırmaqla məşğul olacağı ehtimal olunur.
Mediainfo.az































































































