Bu gündən əhalidən əlavə aylıq vergi toplanacaq - Ermənistanda
Onsuz da iqtisadiyyatı tənəzzülə uğramış Ermənistanda əhalinin rifahını sarsıdacaq daha bir vergi tətbiq olunmağa başlayıb. Bu gün ölkənin parlamentində yaralı və ölü əsgərlərə müavinət ödəmək üçün yeni verginin tətbiqi səsə qoyulub. Tert.am-ın məlumatına görə, 98 lehinə, 2 əleyhinə və 1 bitərəf olmaqla qanun qüvvəyə minib. Qərara alınıb ki, bu gündən etibarən hər ay ölkə vətəndaşlarının hər birindən 1000 dram (3.67 manat) məbləğində vergi tutularaq orduya göndərilsin.
Məlumatda o da bildirilir ki, Aram Manukyan və Levon Zurabyan adlı 2 deputat qanun layihəsinin lehinə səs verdikdən sonra çıxış edərək peşman olduqlarını bildiriblər. Aram Manukyan qanun layihəsini başqa bir sənədlə səhv saldıqlarını, bu səbəbdən onların səslərinin "əleyhinə" kimi qəbul olunmasını parlament sədrindən xahiş edib.
Mediainfo.az































































































