Azərbaycan o qrupa qayıtmayacaq: Çağırışların arxasındakı gizli plan nədir?

Azərbaycan o qrupa qayıtmayacaq: Çağırışların arxasındakı gizli plan nədir?

30 İyul 2021 11:42
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Azərbaycanla sülh danışıqları prosesində uzun illər Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə çalışmış və son müharibədən sonra kənarda qalmış ATƏT-in Minsk qrupunun vasitəçiliyində israr edir. Azərbaycan ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır və bu narazılığı həm 44 günlük müharibə zamanı, həm də müharibədən sonra bir neçə dəfə təkrarlayıb.

Prezident İlham Əliyevə görə, münaqişənin dinc yolla nizamlanmasında ATƏT-in Minsk qrupu heç bir rol oynaya bilməyib. ABŞ Dövlət Departamenti bu həftə Ermənistanı və Azərbaycanı "ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında" danışıqlara başlamağa səsləyib.

Bəs, Azərbaycan həmsədrlərinin Fransa, ABŞ və Rusiyanı təmsil edən Minsk qrupu ilə yenidən əməkdaşlıqda maraqlıdırmı?

Ermənistandan "Minsk qrupu" çağırışları

Öncə Minsk qrupunun canlanmasında maraqlı olan tərəfə baxaq - bu, rəsmi Yerevandır. ATƏT-in Minsk qrupunun vasitəçiliyini Ermənistana cazibədar göstərən onun hazırladığı, amma icra edə bilmədiyi Madrid prinsipləridir: bu layihədə ərazi bütövlüyü ilə yanaşı xalqların öz müqəddaratını həll etmək müddəası da öz əksini tapıb.

Azərbaycan üçün, Prezident Əliyevin dediyinə görə, Qarabağın statusu məsələsi mövcud deyil, Ermənistanın siyasi rəhbərliyi isə Dağlıq Qarabağın statusu məsələsində israr edəcəyini deyir.

Baş nazir səlahiyyətlərini həyata keçirən Nikol Paşinyan bir müddət öncə Qarabağ separatçılarının lideri Arayik Harutyunyanla görüşündə deyib ki, onların qarşısında duran ən vacib məsələ Dağlıq Qarabağın statusunun müəyyənləşməsidir və bu, ATƏT-in Minsk qrupunun gündəliyindədir.

Minsk qrupunun həmsədrliyində təmsil olunan Fransanın Ermənistandakı səfiri Jonathan Lacote Azadlıq Radiosunun erməni xidmətinə verdiyi müsahibəsində bildirib ki, Dağlıq Qarabağın statusu ATƏT-in Minsk qrupu çərçivəsində aparılacaq danışıqlarda müəyyən olunmalıdır.

O deyib ki, bu status müəyyən edilmədikcə, Fransanın nə Bakıdakı, nə də Yerevandakı səfirləri Qarabağa gedə bilməzlər: "Mənim Bakıdakı həmkarım Şuşaya səfər etmir, mən də Stepanakertə (Xankəndiyə - red.) səfər etmirəm. Minsk qrupunun həmsədri olan üç ölkənin hamısının mövqeyi belədir".

ABŞ, Rusiya və Fransanın Azərbaycandakı səfirləri Azərbaycan hakimiyyətinin iyulun 9-da xarici dövlətlərin nümayəndələrinin Şuşaya səfəri dəvətindən imtina etmişdi. ABŞ və Fransanın Azərbaycandakı səfirlikləri Şuşa səfərindən imtinanı şərh etməmişdilər.

Ermənistanda ATƏT-in Minsk qrupunun sülh danışıqlarına qaytarılması məsələsinin ardıcıl olaraq vurğulanması müşahidə edilir.

Ermənistan XİN-i vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin "yalnız ATƏT-in Minsk qrupu həmsədrlərinin rəhbərliyi altında" dinc tənzimləmə prosesinin bərpası regionda uzunmüddətli sülh üçün ilkin şərtlər yarada bilər.

Nikol Paşinyan iyulun 15-də keçirilən hökumət iclasında deyib ki, Ermənistan Minsk Qrupunun vasitəçiliyi ilə "sülh danışıqlarına hazırdır".

Həmin gün Ermənistanın Baş nazirinin müavini vəzifəsini icra edən Tiqran Avinyan da jurnalistlərə açıqlamasında söyləyib ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar bərpa olunmayanadək digər ümumi qərarlar və başqa yanaşmalar haqqında danışmaq "çətin" olacaq.

ABŞ Dövlət Departamenti iyulun sonlarında Azərbaycan-Ermənistan sərhədində baş verən və insan tələfatı ilə nəticələnən gərginliyi qınayıb və tərəfləri ATƏT-in Minsk qrupu ilə birgə danışıqlara qayıtmağa çağırıb.

"Ermənistan-Azərbaycan sərhədindəki davam edən gərginlik yalnız həll olunmamış bütün məsələlərə toxunan hərtərəfli həllin iki ölkə arasındakı münasibətləri normallaşdıra biləcəyi və bölgə xalqlarının birgə dinc yaşamasına imkan yaradacağı faktını vurğulayır. ABŞ Ermənistanı və Azərbaycanı münaqişənin uzunmüddətli siyasi həllinə nail olmaq üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında əsaslı müzakirələrə ən qısa zamanda qayıtmağa çağırır", - Departamentin sözçüsü Ned Price-ın bu həftə verdiyi açıqlamada deyilir.

Ondan öncə, ABŞ Dövlət Katibi Antony Blinken iyulun ortalarında Paşinyanla telefon danışığı zamanı ölkəsinin Minsk Qrupu həmsədrlərinin "Qarabağ münaqişəsinin davamlı siyasi həllinə yönəlmiş" fəaliyyətinə dəstəyini vurğulayıb. O, Ermənistanı ATƏT-də "konstruktiv" iştirak etməyə çağırıb.

Azərbaycanın Minsk qrupuna münasibəti necədir?

Azərbaycan Ermənistanla sülh danışıqlarında ATƏT-in Minsk Qrupunun iştirakı ilə bağlı çağırışlara birbaşa imtina cavabı verməyib.

Amma ötən payız baş vermiş və 44 gün davam etmiş müharibə müddətində və ondan sonra da Azərbaycan rəhbərliyi Minsk qrupunun fəaliyyətini tənqid edib. Prezident İlham Əliyev ötən ilin dekabrında ölkəyə gəlmiş ATƏT-in Minsk qrupunun həmsədrlərini və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən onlara demişdi ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb və Ermənistanı Azərbaycan ərazilərindən çıxmağa vadar edə bilməyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin son bəyanatlarından birində isə vurğulanıb ki, ATƏT-in Minks qrupu üçtərəfli bəyanatların icrasını dəstəkləməklə bölgədə sülh və inkişafın təmin olunmasına töhfə verə bilər.

Bəzi azərbaycanlı təhlilçilərin fikrincə, Azərbaycan Ermənistanla daha çox ikitərəfli danışıqlara meyil edir.

İki ölkə arasında yaranmış sərhəd delimitasiyası və demarkasiyası problemini yoluna qoymaq üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistana ikitərəfli müzakirələrə başlamağı təklif edib.

Minsk qrupundan təklif

ATƏT-in Minsk qrupu da iki ölkə arasında yaranmış sərhəd delimitasiya və demarkasiyasında, yaranmış situasiyadan çıxış yolu tapmaqda öz yardımını təklif edir.

O cümlədən, həmdsədrlər tərəfləri ATƏT mandatı şərtlərini və regionda yaşayan insanların stabillik, sülh və firavan gələcək istəklərini nəzərə alaraq onların himayəsi altında yenidən ən tez zamanda bir araya gəlməyə çağırırlar.

"Azərbaycan Minsk qrupundan çoxdan imtina etməli idi"

Yeni Azərbaycan Partiyasının və parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov düşünür ki, Azərbaycan bugünkü vəziyyətdə ATƏT-in Minsk qrupundan "tam imtina etməlidir". Onun fikrincə, Azərbaycan əslində bunu "çoxdan" etməli idi.

Elman Məmmədov ATƏT-in Minsk qrupunu "yarandığı gündən Azərbaycanın əleyhinə, Ermənistanın xeyrinə fəaliyyət göstərməkdə" ittiham edir.

Millət vəkili hesab edir ki, ATƏT-in Minsk qrupunun bölgəyə qayıdışı Azərbaycanın "ziyanınadır".

"Cənab Prezidentimizin bəyan etdiyi kimi, artıq belə bir münaqişə yoxdur, biz ərazilərimizi işğaldan azad etmişik, ATƏT-in Minsk qrupunun vasitəçiliyinə nə ehtiyacımız var? Bunlar nəyə gəlirlər? Yenidən bölgədə münaqişəni qızışdırmağa, münaqişə ocağını alovlandırmağa, yenidən ermənilərin xeyrinə status məsələsini, cürbəcür məsələləri ortaya atmağa gəlirlər".

Onun fikrincə, Azərbaycan 44 günlük müharibə zamanı Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını azad etdiyinə görə, artıq vasitəçiyə "ehtiyac qalmayıb".

"Həmsədrlərə iş qalmayıb"

Atlas Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Azərbaycan ikitərəfli əsasda Ermənistanla danışıqlara hazırdır və burada həmsədrlərə "ehtiyac yoxdur".

O söyləyir ki, vasitəçiyə II Qarabağ müharibəsindən öncə ehtiyac var idi, çünki o zaman Azərbaycan torpaqları işğal altında idi və Azərbaycan buna "son qoymaq" istəyirdi.

"Artıq həmsədrlərə iş qalmayıb, çünki onlar 30 il mənasız danışıqlar aparıblar, heç bir nəticə olmayıb. Dağlıq Qarabağ termini də artıq yoxdur, Qarabağ, Şərqi Zəngəzur termini var. İndi Rusiya vasitəçilik edir və onun vasitəçiliyi ilə müəyyən məsələlər həll oluna bilər, üçtərəfli komissiya da var. Ancaq bu məsələyə yenə Fransa və ABŞ-ı qatmağın heç bir mənası yoxdur," - Elxan Şahinoğlu qeyd edir.

Politoloq deyir ki, Azərbaycan və Ermənistan sərhəd və kommunikasiya məsələlərini həll etməlidirlər, bunlar isə "ikitərəfli əsasda" müzakirə olunmalıdır.

"Heç kəs Azərbaycanı məcbur edə bilməz"

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyovun fikrincə, heç kəs Azərbaycanı "istəmədiyi, ona lazım olmayan vasitəçiliyi qəbul etməyə məcbur edə bilməz".

"Azərbaycan indi nəzakətlilik nümayiş edir və deyir ki, nə ilə gələcəksiniz? Azərbaycan deyir, konflikt həllini tapıb, indi post-konflikt nizamlamadan söhbət getməlidir, tərəflər arasında sülh müqaviləsi imzalanmalıdır, sərhədlər dəqiqləşdirilməlidir, nəqliyyat dəhlizləri və xətləri açılmalıdır, qarşılıqlı diplomatik əlaqələr qurulmalıdır, humanitar məsələlər həllini tapmalıdır. Bütün bu məsələləri kənarda qoyub, Azərbaycana gəlib yenə ermənilərin özünütəyinat məsələlərinin müzakirəsi ilə gəlmək istəyirlərsə, onlarla burada heç kəs danışası deyil".

Millət vəkili Azərbaycanın ATƏT-in Minsk Qrupu ilə gələcəkdə mümkün əməkdaşlığının qurumun "irəli sürəcəyi məsələlərdən" asılı ola biləcəyini deyib.

"Rusiya Minsk Qrupunu xilas edə bilər"

Yerevandakı Regional Tədqiqatlar Mərkəzinin direktoru Richard Giragosian razılaşır ki, yeni müharibədən sonrakı reallıqda ATƏT-in Minsk Qrupunun missiyası və mandatı ilə bağlı yeni suallarla qarşılaşan bu vasitəçilik təşkilatının bir diplomatiya təsisatı kimi gələcəyi təhlükə altındadır:

"Eyni zamanda, bu diplomatik döyüş meydanı ATƏT-in Minsk qrupu həmsədrlərini də Azərbaycana və Türkiyəyə qarşı qoyur. Hərbi qaliblər kimi həm Azərbaycan, həm də Türkiyə Minsk qrupunu minimallaşdırmağa, hətta marqinallaşdırmağa çalışırlar".

Richard Giragosian BBC News Azərbaycancaya müsahibəsində deyir ki, Rusiya Minsk Qrupunu, Fransa və Amerika həmsədrlərini "xilas edə bilər". Onun fikrincə, belə bir addım Rusiyanın məqsədlərinə xidmət edə bilər: "Birincisi, ATƏT-in Minsk qrupunu bərpa etməklə Rusiya diplomatik öncül və təşəbbüs sahibi kimi Qərbdən diplomatik dividendlər alacaq və öz rolunu gücləndirəcək, çünki Fransa və ABŞ həmsədrləri Moskvanın liderliyini qəbul etməyə məcbur olacaqlar".

"İkincisi, amerikalılara və fransızlara müharibədən sonrakı Qarabağla bağlı diplomatik prosesə qoşulmaq dəvəti Rusiyanın regionda birtərəfli qaydada sülhməramlılarını yerləşdirməsini legitimləşdirəcək".

Oxuməni.az xəbər verir ki, Rusiyanın hərbi mövcudluğunun bu cür legitimliyi Rusiyanın Krımın ilhaqı ilə bağlı keçmiş addımlarının fəsadlarını üstələyəcək. Bu da Moskvaya "yükü bölüşdürməyə" imkan verərdi - ATƏT-in Minsk qrupunun dirçəlişi Aİ, BMT və müharibədən sonrakı sabitlik və bərpa xərclərini qarşılamaq üçün ATƏT donorlarının daha böyük konfransına yol aça bilərdi".

"Minsk Qrupunun hələ də rolu qalıbmı?"

Minsk qrupunda ABŞ-ı təmsil etmiş Richard E.Hoaglanda görə, münaqişədən əvvəl həmsədrlərin işi hər 6 həftədən bir regionu gəzib yüksək səviyyədə görüşlər keçirmək və "beş ulduzlu otellərdə" qalmaq, "ən yaxşı restoranlara" getməkdən o yana keçə bilməyib.

O, İCR Center-in (İnternational Conflict Resolution Center) saytında "Minsk Qrupunun hələ də rolu qalıbmı?" başlıqlı məqaləsində yazır ki, Madrid prinsipləri adlı layihə ortaya çıxanda bəzi həmsədrlər özləri də bunun reallaşacağına inanmayıblar. "Bir çox şeylərdən sonra mənə aydın oldu ki, bu, Dağlıq Qarabağ sadəcə Azərbaycan-Ermənistan arasında ikitərəfli problem deyil. Əslində, bu, Rusiyanın aparıcı, hətta həlledici rol oynadığı üçtərəfli məsələdir".

İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupunun yenidən bir rolu qalıb-qalmadığını sorğulayan keçmiş həmsədrin buna bir cavabı var: "Minsk qrupu təsdiq edilmiş mandata yenidənqurma imkanlarını əlavə edə bilər".

Richard E.Hoagland yazır ki, iki ölkə də yaranmış yeni vəziyyəti bölgənin infrastrukturunun bərpasını, yenidən qurulmasını fürsət kimi dəyərləndirir və Minsk qrupu da bu istiqamətdə müxtəlif beynəlxalq banklardan, ATƏT-ə üzv ölkələrdən maliyyələşmə təşkil etməklə keçmiş Dağlıq Qarabağ müharibə zonasının, Cənubi Qafqazın inkişafına kömək edə bilər.

"Amma Minsk Qrup özünü yeniləməsə, onda o, təəssüf ki, beynəlxalq diplomatiyanın küncündə qalacaq,"- deyə o, məqaləsini yekunlaşdırıb.BBC Azərbaycan