COVİD testlərinin qiymətlərindəki  kəskin fərq:  Manipulyasiya, yoxsa xalqı aldatma?

COVİD testlərinin qiymətlərindəki kəskin fərq: Manipulyasiya, yoxsa xalqı aldatma?

28 Avqust 2020 15:58
Bəyəndim (7) Bəyənmədim (0)

Bu ilin mart ayından etibarən Azərbaycanda koronavirus təhlükəsi ilə bağlı qadağalar tətbiq edilib və əhali arasında bu qorxulu xəstəliyə yoluxanları üzə çıxarmaq məqsədi ilə testləşdirmə aparılır. Buna paralel olaraq xaricə getmək istəyən və xaricdən ölkəmizə gələn soydaşlarımız da testdən keçdikdən və onun nəticəsi neqativ çıxdıqdan sonra ölkəmizə gələ və ya xaricə gedə bilərlər. Məsələ ilə bağlı apardığımız araşdırmalar zamanı məlum oldu ki, əlində təyyarə bileti olduğu halda Azərbaycana xaricdən gələnlərin və xaricə gedənlərin testdən keçməsi üçün 16 tibb müəssisəsinə icazə verilib. Dövlət tibb müəssisələrində bir nəfərin testdən keçirilməsi 40, özəl tibb müəssisələrində isə 100-130 manatdır. Testin nəticəsi isə 24 saat ərzində verilir. Yalnız Dövlət Gömrük Hospitalında vətəndaşdan analiz üçün 89 manat alınır və haraya uçub-uçmamasından asılı olmayaraq 12 saat ərzində ona Almaniya istehsalı olan testin cavabı təqdim edilir. Araşdırmalarımız zamanı məlum oldu ki, tibb müəssisələri arasında qiymətlər müxtəlifdir. Məsələn, testlərə görə qiymətlər 10 saylı Şəhər Poliklinikasında 40 manat, Referans Klinikasında 100 manat, Baku Klinikasında 120 manat, Caspian İnternational Hospitalında 100 manat, Memorial Klinikasında 100 manat, Leyla Medical Centerdə 100 manat, 1 saylı Şəhər Poliklinikasında 40 manat, 18 saylı Birləşmiş Şəhər Xəstəxanasında 40 manat, Gömrük Hospitalında 89 manat, Sağlam Ailə Ultralab Mərkəzində 95 manat təşkil edir. Qiymətlər arasında olan kəskin fərqin nə ilə əlaqədar olduğu barədə sualımıza müraciət etdiyimiz tibb müəssisələrindən yekun cavab ala bilmədik. Təbii ki, sual ortaya çıxır: Nə üçün klinikalarda yalnız xaricə gedənlər koronavirusa görə müvafiq testdən keçə bilərlər? Hansı səbəbdən bileti olmayan adi vətəndaşlarımız öz xərcləri hesabına COVİD analizi verə bilməzlər? Mütləqdir ki, insanlarımızda 38 dərəcə temperatur olsun və onlar təcili tibbi yardım vasitəsi ilə pulsuz test olunsunlar?

Tibb müəssisələrinin əksəriyyəti COVİD testinin mənşəyi və haradan alınması barədə məlumat verə bilmədilər. Müraciət etdiyimiz dövlət tibb müəssisələrindən bizə yalnız onu bildirdilər ki, bu testlər bizə çubuq şəklində (üzərində istehsalçı ölkənin adı göstərilmir) Səhiyyə Nazirliyi tərəfindən aktla paylanır və sonra da təhvil alınır.

Bütün bu yazılanlara aydınlıq gətirmək məqsədi ilə TƏBİB-ə müvafiq sorğu ilə müraciət etmişik. Sorğumuza cavab gəldikdən sonra oxucularımıza əlavə məlumat verəcəyik.

Oxuməni.az