Serxio Peres:  Bakıdakı yarış kifayət qədər çılğın şəraitdə keçir

Serxio Peres:  Bakıdakı yarış kifayət qədər çılğın şəraitdə keçir

7 İyun 2021 15:21
Bəyəndim (0) Bəyənmədim (0)


Dünən ölkəmizdə başa çatan növbəti Formula 1 yarışlarından sonra Serxio Peres (Red Bull Racing), Sebastian Fettel (Aston Martin) və Piyer Qaslinin (AlphaTauri) iştirakı ilə keçirilən mətbuat konfransında maraqlı məqamlara toxunulub. Bunu nəzərə alaraq Oxuməni.az olaraq mətbuat konfransında deyilənləri oxucularımızın diqqətinə çatdırırıq:
SUAL: Pyer Qasli, daha bir podium! – Möhtəşəm! Hansı hisləri keçirirsiniz?
Pyer Qasli: İnanılmazdır. Düzü, nə deyəcəyimi bilmirəm. Çox gərgin yarış idi və son iki dövrə çox gərgin şəraitdə keçdi. Bolid bütün həftəsonu yaxşı performans göstərdi. Sıralanma turu çox vacib idi. Qazandığımız pozisiyanı əldə saxlaya biləcəyimizdən əmin deyildim, hətta podium uğrunda mübarizə aparacağımı belə bilmirdim, amma sonda istəyimizə nail olduq. Bundan əvvəl podiumda birinci və ikinci yeri qazanmışdım. İndi də üçüncü yeri almaqla podiumda bütün yerləri əldə etdim.
Sual: Necə də ağır mübarizə idi, biz ekranın arxasında hərşeyə şahid ola bildik. Siz başlayarkən Şarl Lekler sonuncu dövrəsini vururdu. Sizi keçdi, sonra siz onu keçdiniz, ona nəyə qadir olduğunuzu göstərə bildinizmi?
PQ: Bunu etməli idik. Yarışın ortasından etibarən vəziyyət daha da ağırlaşmağa başladı, mühərrikdə problem var idi ona görə də sürətlənmə düzlüyündə sürət itirirdik. Yarışın ortasında Sebastian məni ötüb keçməyi bacardı və bilirdim ki, Şarlın məni izləməsi ilə son iki dövrə çox çətin olacaq. Bolidi saxlaya və ya saxlaya bilməyəcəyimdən əmin deyildim, amma bunu etməli idim. Podiuma çıxmağı həqiqətən çox istəyirdim və bu, belə bir uğurlu həftəsonundan sonra inanılmaz bir hisdir.
Sual:Qələbənizi komanda ilə qeyd edəcəksinizmi?
PQ:Bəli, edəcəyik. Yaxşı xallar qazandıq. Çox məmnunam. Yuki də yaxşı yarış nəticəsi göstərdi. Ümumilikdə yaxşı nəticə göstərdik və ümid edirəm ki, bu axşam layiqincə qeyd edəcəyik.
Sual: Sebastian, son bir neçə yarış zamanı nələrsə dəyişdi. Aston Martin komandasının Formula 1-ə qayıdışından bəri ilk podiumudur. Bu qələbə onlar üçün nə ifadə edir?
SF: Məncə onlar üçün böyük əhəmiyyət kəsb edir. Əlbəttə bu il hamımız üçün çətin idi və düşünürəm ki, möhtəşəm yarış idi. Tempimiz yaxşı idi, önəmli olan da bu idi. Startımı yaxşı götürdüm, tezliklə mövqelərə yiyələndim, hamı pit-stop edərkən şinləri qorudum. Yığdığım sürət Yukini ötüb keçməyə kifayət etdi və yarışa yenidən start verməyim işimə yaradı və daha iki mövqeyə yiyələndim. Daha yeni şinlərimin olması təbii ki, bizim üçün daha yararlı oldu. Bu, şinləri daha sonra isitməyimizə kömək oldu. Möhtəşəm gün idi. Çox xoşbəxtəm. Komandam üçün podiumda yer almaq təbii ki, əla bir nəticədir. Bura gələndə belə nəticəni gözləmirdik. Hətta cümə günü önəmli mövqe qazanmasaq da əhvalımız yaxşı idi. Çox rahat idim. Bugün təbii ki, əhval-ruhiyyəmiz daha yaxşıdır.
Sual: Mən dünənki yarış haqda sual vermək istərdim. Kiçik irəliləyiş üçün yeni yumşaq şinlərdən istifadə etmişdiniz?
SF: Strategiya baxımından aydındır ki, bir qədər irəlidən başlamaq daha yaxşıdır, amma yeni şinlər işimizə yarad. Çünki digər komandaların sıralanmadan sonra bir neçə dövrəsi qalmışdı, buna görə də şinlər daha çox məsafə qət etməyimizə imkan verdi. Şinləri ehtiyatda saxlamışdıq və uğurumuzun sirri yüksək sürətlə yanaşı həm də bu idi. Məncə əvvəl də qeyd etdiyim kimi, boliddə rahat idim və irəli getməyimizdə əsas rolu bu oynamışdı.
Sual: Peres, Red Bull komandası ilə yeni bir yarış qələbəsi. Necə də çılğın bir yarış idi.
Serxio Peres: Bəli, bugün özümü çox xoşbəxt hiss edirəm. Adətən, Bakıdakı yarış kifayət qədər çılğın şəraitdə keçir. Birincisi, onu qeyd edim ki, Maksın qəzası ilə bağlı təəssüf hissi keçirirəm, möhtəşəm performans nümayiş etdirdi və qələbəyə layiq idi. Birinci və ikinci yerləri qazanmaq komandamız üçün inanılmaz nəticə olardı. Amma günün sonunda onu deyə bilərəm ki, çox məhsuldar gün idi. Bolidin yarışdan çıxmasına az qalmışdı, lakin bəxtimiz gətirdi ki, biz yarışı bitirməyə nail ola bildik. Başlanğıcdan sona qədər çox çətin idi.
Sual: Yeddiqat dünya çempionu pit-stoplar arası bütün trek boyu sizi izləyirdi və yenidən start götürəndə deyə bilərsinizmi ağlınızdan nə keçirdi? Nə etmək niyyətində idiniz?
SP: Yarış boyu yüksək templə hərəkət edirdi. Məncə pit-stopumuz bir qədər ləngidi, ona görə də məni yarışda daha erkən keçə bildi. Amma yarışın ilk dövrəsindən bəri təzyiq göstərirdi. Daha sonra yarışa yenidən başlayarkən biraz ləngidim. Luislə başa-baş mübarizə gedirdi, amma onu keçməyə niyyətli idim. Əyləcə mümkün qədər gec basdım, eynisini o da etdi, lakin onun üçün çox da yaxşı olmadı. Ən azından bu gün komanda üçün yaxşı gün idi.
Sual:Peres Red Bull bolidinə öyrəşibmi? Növbəti yarışda eyni performansı görə biləcəyikmi?
SP: Bəli, bu yarış həm mənim, həm də komandanın özünəinamını birə beş artırdı.
MƏTBUAT KONFRANSI
Sual: Peres, təbriklər! Sizin üçün necə də inanılmaz bir gün idi. Podiumun zirvəsindən açılan mənzərə nə dərədəcə xoş idi?
SP: Əlbəttə, həddən artıq xoş idi. İlk öncə, komandamıza təşəkkür etmək istərdim. Onlar mənim üçün bütün imkanları yaradıblar. Ümid etdiyimiz starta bu mövsüm nail ola bilməmişdik. Bolidə adaptasiya olmaq gözlədiyimdən daha uzun çəkdi, amma biz ilk gündən bəri zavoddakı mühəndislərdən ibarət komandamızla çox işlədik, yekunda komanda üçün çox yaxşı bir nəticəyə imza atdıq. Demək olar bütün yarışlarda yüksək sürət göstərmişik. Məncə həftəsonu sıralanma turunun üçüncü mərhələsinə qədər hər şey yaxşı gedirdi, bu mərhələdə səhvə yol verdik. Buna baxmayaraq, ruhdan düşmədik. Yarışmağı səbirsizliklə gözlədik və möhtəşəm yarışdıq. Bugünkü nəticədən çox razıyam. Bu qələbə həm mənim, həm də komandamızın inamını artırdı. Mövsümlər boyu fərqli nəticələr göstəririk, belə xüsusi anlardan zövq almaq lazımdır.
Sual: Qeyd etdiklərinizdən irəli çıxaraq, bu qələbə Saxirdəki ilk qələbənizlə müqayisədə daha fərqlidir?
SP: Formula 1-də ilk qələbəni qazanmaq tamam başqadır, lakin yeni ailə, yeni komanda ilə ilk qələbənin də öz xüsusi yeri var. Bu anları birlikdə yaşamaq inanılmazdır. Bu anları yaşamaq üçün bu işi görürük və hamımız bu bazar günkü yarışdan zövq almağa gəlmişik, buna görə də çox əziz hislərdir. Karyeramda çox qələbəyə imza atmamışam, lakin qazandığım qələbələrin qəlbimdə həmişə xüsusi yeri olub. Onu da qeyd edim ki, yarış yüksək stres şəraitində keçib.
Sual: Yarış ərzində yaxşı tempdə idiniz. Son dövrələr haqqında danışa bilərsinizmi? Restartdan öncə liderlik mövqeyinizi qorumaq və bolidinizin etibarlı olması kimi elementləri nəzərə alsaq, nə dərəcədə həyəcanlı idiniz?
SP: Bəli, bu, mənim üçün çox vacib idi. Komanda məndən xahiş etdi ki, balansımı mümkün qədər saxlaya bilim. Yarışa yenidən başlayanda şinləri kifayət qədər isidə bilmədik, ona görə bunun üzərində işləyirdik. Geriyə ancaq iki dövrə qalmışdı. Birinci mövqedə olduğumuz üçün itirəsi çox şeyimiz var idi. Qələbədən bizi yalnız iki dövrə ayırırdı. Düzgün şəkildə yeni start götürmək həddən artıq əhəmiyyət daşıyırdı, amma şinlərimiz isinməmişdi. Luisin şinləri daha yaxşı vəziyyətdə idi. Çalışdım ki, əyləcə mümkün qədər gec basım. Özümə söz verdim ki, bu yarışı sona qədər birinciliklə bitirim. Luis trekin içəriyə doğru olan divarı ilə irəliləməli idi, bəxti gətirmədi. Məncə bu bir daha göstərir ki, hamımız səhv edə bilərik. Yüksək sürətlə dövrələrdə hərəkət edirik və nəticədə belə hallar hamının başına gələ bilər.
Sual: Luisin əyləcindən çıxan tüstünü gördünüz?
SP: Düzünü desəm, diqqətimi öz əyləcimə yönəltmişdim.
SF: Nəyə görə icazə vermədilər ki, şinləri isitmək üçün trekdə yavaş sürətdə manevrlər edəsiniz?
PQ: Çünki Maksın şini partlamışdı.
SP: Çünki treklə bağlı narahatlığımız vardı.
Sual: Sebastian, Aston Martinlə birlikdə inanılmaz yarış sərgilədiniz. 11-ci yerdən start götürməklə yarışın başlamasına qədər gözləntiləriniz nələr idi?
SF: Sözün düzü, çox gözləntim yox idi. Həftəsonu boyu yaxşı əhval-ruhiyyədə idim. Bilirdim ki, bunu bacara bilərik, xallar qazana bilərik. Yarış çox gərgin idi. İlk pit-stop vaxtını yaxşı idarə etdim. Başlanğıcda şinləri qoruyub saxlaya bildim. Qarşımdakı pilotlardan daha çox vaxtımı aldı, amma sonradan köməyimizə gəldi. Yarış yenidən başlayıb təhlükəsizlik maşını trekə çatanda mən 6-cı mövqedə idim və şinlərim digərlərinkindən 10 dövrə fərqiylə daha təzə idi. Onları isitmək daha asan idi və nəticədə yeni startda Şarl və Pyeri keçə bildim.

Üçüncü döngə təhlükəli idi və Şarl gözlədiyimdən daha artıq cəsarət nümayiş etdirdi. Lap əvvəldə mən ondan sonra əyləcə basmışdım, amma o, əyləcə basdı və mən düşündüm ki, yüz faiz divara çırpılacaq. Mən özümü içəri doğru irəliləməyə hazırladım, amma o necəsə bunun qarşısını aldı. Bunu necə etdiyini bilmirəm, amma alındı. Yeni startdan sonra hələ də dövrədə əminlik hiss edirdim, dövrənin sonunda onu keçməyə hazırlaşırdım. Daha sonra dördüncü pozisiyaya yiyələndim və öndəki bolidləri daha yüksək templə ötməyə nail oldum. Qırmızı bayrağın qalxması və Maksın lider pozisiyasını itirməsi həqiqətən təəssüf hissi doğurur. Nə baş verdiyini bilmirəm. Səhv etmirəmsə, Lans da eyni şin problemini yaşadı, biz isə yaxşı pozisiya qazanmışdıq və podium səviyyəsinə yüksəldik. Serxionun dediyi kimi, son iki dövrə qalmış çalışırsan ki, özünü toparlayasan. Mən yeni startda çox aktiv başladım və gördüm ki, Luis birinci döngəni səhv dəyərləndirdi. Serxioya birinci dövrədən sonra daha çox yaxınlaşmağa çalışdım, lakin aramızdakı məsafə çox idi. İkinci yer tutmaq məni və komandanı çox sevindirir. Düşünürəm ki, əla nəticədir. Mövsüm bizim üçün yaxşı başlamamışdı. Ötən ilki güclü mövsümdən sonra daha çox gözləntimiz var idi. Bu iki pilotla qələbimizi qeyd etmək üçün səbirsizlənirəm.
Sual: Sebastian, özünüz də qeyd etdiniz ki, podiuma çıxdığınıza görə şadsınız. Bu sizin artıq sayca 122-ci podiumunuzdur. Aston Martin komandası ilə isə sayca birinci podiumunuzdur. Hansı hislər keçirirsiniz?
SV: Bəli, çoxdandır ki, çıxmamışdım və hesab edirəm ki, yeni komanda ilə işləyib yüksək nəticə göstərmək hər zaman sevindirici bir haldır. Cümə axşamı günü mətbuat kofransında çıxış edəndə qeyd etmişdim ki, məqsədim qalib gəlməkdir. Yarışdan kifayət qədər zövq aldım, çünki hədəflədiyim pozisiyalara doğru yavaş-yavaş irəliləyirdim. Dördüncü yerdə olmaq komandam üçün, mənim üçün yaxşı nəticə idi, amma podium pozisiyasına keçdiyimiz andan başa düşdüm ki, nəzarət bizdədir. Gözüaçıq olmalı idik. Qırmızı bayraq qalxanda mən boliddə qaldım, çalışdım ki, diqqətim yayınmasın, hazır olum. Bugün əlimizdən gələni etdik. Boliddə özümü çox rahat hiss edirəm, ona görə də orada uzun müddət qala bilirəm.
Sual: Sizə sonuncu sualımdır. Komanda yoldaşınızın bolidinin nasazlığından sonra eyni şeyin sizin də başına gələcəyindən ehtiyat edirdinizmi?
SF: Bəli. Nəyin baş verdiyini bilmədim. Sürətlənmə düzlüyünün sonunda nəzarəti itirdiyini gördüm. Düşündüm ki, 19-cü döngənin divarına dəydi, sonra isə növbəti dövrədə gördüm ki, bolid tam vəziyyətdədir. Bu hal mənə biraz qəribə gəldi, yenə də düzlükdə niyə qəzaya uğradığını başa düşmədim. Daha sonra komandadan mənə bildirdilər ki, hərşey yaxşıdır. Qəribə qəza idi. Mənim şinlərim digərləri ilə müqayisədə daha yeni idi, ona görə də daha az riskdə idim. Lakin Maks da qəzaya uğrayanda fikirləşdim ki, növbəti görəsən kim olacaq. Bilmirəm niyə, amma mənə elə gəlir ki, bu baş verməməlidir və məncə bunu araşdırmaq lazımdır. Mövsüm ərzində belə bir halın baş verə biləcəyi ən pis yerdir çox güman ki. Pit-stop girişinə yaxın yerdə belə bir qəza daha da ağır ola bilərdi. Biz 300 km/s sürətilə hərəkət edirik. Biraz narahat idim, amma sonra qırmızı bayraq qalxanda başa düşdüm ki, hamımız fərqli şinləri əldə edəcəyik və hərşey yerinə düşməli idi. Yadımdadır ki, hardasa 30-dan sonrakı dövrələrdə baş vermişdi, çünki Lans sərt (hard) təkərlərlə başladı və qəza o arada baş verdi. Maks pit-stop edəndə də deyəsən eyni sayda dövrələri başa vurmuşdular. Qəribə idi, amma yenə də çox narahat deyildim. Düşünürdüm ki, siyahıda sonuncu mən olacağam.
Sual: Pyer, bugün möhtəşəm performans nümayiş etdirdiniz və çox yaxşı addımlayırsınız. Monakoda 6-cı yer qazandınız, Bakıda isə podiuma çıxdınız.
PQ: Bütün həftəsonu boyu çox güclü performans göstərdik və biraz bizim üçün gözlənilməz oldu. Monakoda da çox yüksək temp nümayiş etdirdik. Bakıya gələndə oxşar performansı göstərə bilərik mi deyə fikirləşirdik. Elə birinci dövrədən başlayaraq özümə güvənirdim və özümü rahat hiss edirdim. Daha çox təzyiq göstərə bilirdim və həmçinin həftəsonu yaxşı tempdə davam edirdik. Dünən mövsümün ən yaxşı sıralanma turu baş tutdu, dördüncü yerdə başa vurduq. Birinci sıradan yüzdə bir saniyə fərqi var idi, lakin bugün sürətimiz yerində idi. Xüsusilə də, yarışın əvvəlində ön sırada yer alan pilotlara çatmağa çalışarkən yaxşı işlədik. Yarışın ortasından etibarən mühərrikdə problem yarandı və sürətlənmə düzlüyündə zəif performans göstərdik. Bizim üçün çətinliyin yarandığı an bu oldu. Həmin pozisiyanı saxlaya biləcəyimizdən əmin deyildim, amma yekunda buna nail olduq. Sonuncu dövrələr zamanı Şarlı keçib üçüncü pozisiyanı sabitləyə bildik. Qeyd etməliyəm ki, mübarizədən həqiqətən zövq aldım. Gərgin yarış idi, çətin idi, amma həm də ədalətli idi. Çox zövq aldım, bütün həmkarlarımın adından sevinirəm ki, üçüncü podiumumuza nail olduq.
Sual: Sizcə mühərrikdəki problem sizi nə qədər vaxt dala saldı?
PQ: Gərək rəqəmlərə baxım, məsələn, Yuki ilə aramızdakı fərq çox böyük idi. Komanda üzvlərimiz yaranmış zədəni azaltmaq üçün mühərriki yenidən işə salmağımı söylədilər. İkinci sektorda çox güclü idim, amma düzlükdə Sebastian məni ötüb keçə bildi. Edə biləcəyim heçnə yox idi. Bilirdim ki, son iki dövrədə Şarl məni düzlükdə keçəcəkdi və belə də oldu. Sıraya yenidən geri döndüm və birinci döngədə irəlilədim, Şarl məni üçüncü döngədə keçdi və çox gec əyləcə basmalı oldum. Fettel ilə mübarizədə əyləci maksimum gücü ilə sınadım. Elə bilirdim ki, necəsə divara çırpılacağam. Necə oldusa bolidi saxlaya bildim, necə alındığını bilmirəm. Şarlla mübarizədə də gec əyləcə basdım. Podiuma çıxmağı həqiqətən çox istəyirdim. Böyük risk etdik, amma buna dəydi və çox xoşbəxtəm.
Sual: Sizdən və komandadan artıq iki şəhər trekində çox yaxşı tempdə yarış gördük. Bu performansı Paul Rikard kimi daimi yarış trekində davam etdirməyə nə dərəcədə ümidlisiniz?
PQ:Növbəti yarış evdə keçəcək və əlbəttəfanatların və izləyicilərin qarşısında yüksək nəticə göstərmək niyyətindəyik. Evə qalib kimi qayıtmaq çox fərqli bir hisdir. Hərşey hər zaman istədiyimiz kimi getməyə bilər və bunu analiz edib başa düşməliyik. Amma işlər bu həftəsonundakı kimi yaxşı gedəndə, çox yüksək temp nümayiş etdirə bilirik. Bunun da səbəbini araşdırmalıyıq, hələ ki cavab tapmamışıq. Təbii ki, belə sürprizlər mövsüm boyu arzuolunandır, eyni zamanda bunun kökünü də araşdırıb başa düşmək lazımdır.
Auditoriyadan suallar
Sual: (Lyuk Smit – Autosport). Təkər problemi ilə əlaqədar Sebastyana verilən eyni sualı Serxio və Pyer üçün də səsləndirmək istəyirəm. Təkərlər barədə nə qədər narahat oldunuz, komandanız sizəbu barədə nə deyirdilər və sizcə bundan sonrakı məqamda sözügedən problemlə bağlı hansı araşdırmalar aparılmalıdır?
SP: Yarışın həmin anında, qırmızı bayraq qaldırıldığı vaxtda bizə verilən məlumat məhdud idi. Bu səbəbdən daha çox dərinə getmək istəmədim, çünki qırmızı bayraq fasiləsində bolidin təkərlərini yeniləyəcəkdim. Bu elə bir məsələdir ki, biz onu mütləq araşdırmalıyıq. Bilməliyik ki, təkərlərdə bu problemin yaranması nə ilə əlaqədardır. Xoşbəxtlikdən bu gün heç nə baş vermədi, ancaq yenə bu elə bir şeydir ki, mütləq buna yenidən baxılmalı və nələrin baş verdiyi tam öyrənilməlidir.
PQ:Bu iki pilot bir qədər çox narahatdırlar ki, hər ikisinin komanda yoldaşları yarış zamanı oxşar təkər problemi yaşadılar. Mən bu barədə çox narahat deyildim, ancaq indi mənə aydın olur ki, təhlükəsizlik baxımından bir qədər narahatverici məqamdır. Hər iki hadisədə sürət yüksək idi, Lensin hadisəsində sürət 270-280 km/saat, Maksda isə 300 km/saat civarındaydı. Belə bir yüksək sürətdə heç kim oxşar problem yaşamaq istəməz. Hər şeydən əvvəl, hər iki pilotun da boliddən xəsarət almadan çıxması sevindirici haldır, ancaq bundan daha önəmlisi bu hadisənin əsas səbəbini tam öyrənməyimizdir ki, bir daha bu baş verməsin. Bununla bağlı fərqli səbəblər səslənə bilər, problemin təkərlərdən və ya bolidin özündən qaynaqlandığı deyilə bilər. Bu baxımdan düşünürəm ki, bunu ortaya çıxarmaq üçün araşdırma aparılmalıdır. Belə bir hadisəni görmək məyusedicidir, ancaq mən öz bolidimlə bağlı bu məsələdə çox narahat deyildim.
Sual: (Kristian Nimmervol – motorsport.com) Sualım Sebastianadır. Həqiqətən də möhtəşəm nəticə əldə etdin. Pit-stop etməzdən əvvəl də Pyerdən daha az müddətə dövrəni tamamlayırdın. Səndən öndəki pilotlar pit-stopa gedərkən, sən yarışa trekdə davam edib onlarla aranda olan vaxt fərqini azaltmağa çalışırdın. Bu vəziyyətdə daha bir neçə dövrə yarışmağa imkan vardımı? Həmin ərəfədə bir neçə mövqeyi itirdiyini düşündünmü? Mən yarışın sonunda hadisələrin necə dəyişdiyini soruşmuram, məni maraqlandıran məhz qeyd etdiyim vaxtdakı düşüncələrindir.
SF: Bu, komanda tərəfindən gələn çətin bir zəng idi. Biz bilirdik ki, bu təkərlərlə uzun yol getmək olar və bu səbəbdən mən yarışın ilk dövrələrindən etibarən bu təkərlərdən maksimum faydalanmağa çalışırdım. Təkərlərin vəziyyəti yaxşı idi və buna görə də mən mümkün olduğu qədər trekdə çox qalmağa çalışırdım. Komandama bildirdim ki, təkər dəyişikliyi üçün ideal imkan yaranıb və mən pit-stopa yollandım. Trekə qayıdanda 6-cı yerdəydim və bundan sonra sürətli tempə davam etdim. Düşündüm ki, biz Şarl Leklerdən bir qədər sürətli gedə bilərik, ancaq eyni zamanda təkərləri də yarışın sonuna qədər qorumaq lazımdır. Lens problem yaşadı, yarış dayandırıldı və bu da bizə yeni təkərlərə keçmək imkanı verdi. Trekdə qalıb yarışa soft (yumşaq) təkərlərdə davam etməyə şərait vardı, çünki yumşaq təkərlərdə hər yeni dövrədə daha yüksək sürət tempi əldə edə bilirdik və bu bizim üçün təəccüblüydü. Hamının yumşaq təkərləri dəyişmək üçün yarışın ilk dövrələrindəcə pitə yollanmasını nəzərə aldıqda, biz bu gün yumşaq təkərlərin bu qədər uzun müddət dözə biləcəyini gözləmirdik. Ancaq təkərlər yaxşı dözdü və biz bunu yaxşı idarə edə bildik. Sonrasında adətən hər şey yaxşı olur, ancaq biz çalışırdıq ki, pitdən çıxanda istədiyimiz mövqeyə qayıda bilək və pitə tez girən pilotlar sürət yığmadan onların önündə yarışa davam edə bilək.
Sual: (Lyuk Smit – Autosport) Peres, sən həftəsonu boyunca öz formundaydın, ancaq yeganə pis nəticən sıralanma turunun 3-cü mərhələsində qeydə alındı. Bu baxımdan “Red Bull” bolidinə tam uyğunlaşdığını düşünürsənmi? Bu tempi davam etdirəcəyinə və qarşıdan gələn daimi trek yarışlarında bolidi daha dərindən öyrənəcəyinə nə qədər əminsən?
SP:Bəli, mənə elə gəlir ki, yaxşı irəliləyiş əldə etmişəm, yalnız bu həftəsonu deyil, Monakoda da həmçinin. Hər həftəsonunda bolidi daha yaxşı anlayıram və hər yeni yarışdan sonra biz vəziyyəti ətraflı təhlil edirik, zavodda komanda ilə birlikdə çox vaxt keçirib uzun müzakirələr aparırıq ki, komanda olaraq daha yaxşı iş ortaya qoya bilək. Düşünürəm ki, biz hədəfə doğru irəliləyirik və inkişaf edirik. Bu yüksək çıxışları digər treklərdə də nümayiş etdirməmək üçün hər hansı bir səbəb yoxdur. Əminliyim davamlı olaraq artır. Komanda ilə birlikdə hədəfimizə doğru yaxınlaşırıq. Buna baxmayaraq gedəcəyimiz xeyli yol var, hələ 6-cı yarışdayıq və yolun başındayıq. Önəmli olan bu tempi qoruyub saxlamaqdır və yarışdan-yarışa inkişafı davam etdirməkdir.
Sual: (Kristian Nimmervol – motorsport.com) Sebastian, sanki hər idman bir növ zəka oyunudur. Bu yanaşma əvvəl Monakoda, sonra Bakıda yarışda yüksək nəticə göstərməyində nə qədər təsirli oldu? Eyni zamanda, sən özünü xüsusən sürücülük baxımından bolidə tam uyğunlaşdığını düşünürsənmi?
SF: Bəli, böyük ehtimal bu belədir. Bizim olduğumuz səviyyədə bu aydındır ki, hamı bolidi çox sürətli sürə bilər. Bu baxımından deyə bilərəm ki, çox kiçik şeylər böyük dəyişikliklərə səbəb ola bilər. Bolidə uyğunlaşmaq və performansımın maksimumuna çıxmaq mövsümün əvvəlində planlaşdırdığımdan bir qədər uzun davam etdi. Monakoda bunun daha da yaxşılaşdığını düşünürəm. Orada yüksək nəticə əldə etməyimizin buradakı yarışa xeyli köməyi oldu. Tez uyğunlaşmaq baxımından ətrafdan davamlı təzyiq hiss edirsən, mövsümün əvvəlində gözləntilər çox böyük idi, həm də bu barədə yetərincə açıq fikirli idik. Bu başqa bir şəhər trekidir. Bura elə bir yerdir ki, bolidinə yaxşı inanırsansa, yaxşı nəticə əldə edə bilərsən. Nəticələrin pis olmasına baxmayaraq cümə günü mən özümü boliddə yaxşı hiss edirdim və ona görə də nəticələrdən narahat deyildim. Sıralanma turunda ilişib qaldıq və əldə etdiyimiz nəticə əslində əldə edə biləcəyimiz nəticə deyildi. Bu yarış mövsümün yeganə yarışlarındandır ki, bizim yarış ərzindəki sürətimiz sıralanma turundakından daha yaxşı idi. Biz digər əksər yarışlarda adətən sıralanmada yaxşı nəticə göstərib əsas yarışda bir qədər büdrəyirdik. Bu gün bunun tərsinin baş verməsi düzü məni təəccübləndirdi. Yarışın əvvəlində “AlphaTauri” komandasının sürücüsü Yukiyə təzyiq göstərirdim, daha sonra “Ferrari” pilotu Şarla yaxınlaşmağa çalışırdım. O da öz növbəsində Pyerə təzyiq edirdi. Deyə bilərəm ki, yarış həftəsonu boyunca mən bolidimdə özümü çox yaxşı hiss edirdim. Ümid edirəm ki, biz də Peres kimi, qazandığımız tempi növbəti yarışlarda da davam etdirə biləcəyik. Fransa treki adi trekdir və baxaq görək biz orda nə edə bilirik. Düşünürəm ki, bundan sonra da xallar qazanmağa davam edə biləcəyik.
Sual: (Lyuk Smit – Autosport) Sualım hər birinizədir. Yarışın bitməyinə 2 dövrə qalanda yarışın dayandırılmasına təəccübləndinizmi? Yarışa start düzülüşündən başlamaq qərarına sevindinizmi?
PQ:Amerikalılar işə əl qoyduqdan sonra, əyləncəyə üstünlüyün verilməsinə təəccüblənmədim. Əslində mən bu qərarla razıydım. Bu növ yenidən başlamalar daha çox həyəcan yaradır. Bilmirəm, deyəsən o insanın daxilində adrenalini artırır. Bilirdim ki, bəzi fürsətlər yaranacaq, çünki yalnız 2 dövrə qalmışdı. Sanki hər kəs qəfəsdən çıxmış aslan kimiydi və hər kəs qısa zamanda çox sayda mövqe qazanmaq üçün bütün riskə gedirdi. Mən son iki dövrənin videoyazısına baxmamışam, ancaq deyə bilərəm ki, çox gərgin yarış idi. Həqiqətən də çox zövq aldım. Belə bir hadisə təkrar yaşansa, ümid edirəm yenə eyni qərar verilər.
SP: Sabitliyimizi qoruya bildiyimiz müddətdə bu, mümkündür. İmolada bunu etmədik. Əgər belə qərar verilsəydi, ədalətli olmazdı. Çünki orada hava yağışlı idi, trekin sağ tərəfinə su yığılmışdı. Bu qərarda qəti olsalar və televiziya izləyiciləri də bundan zövq alsa, o zaman buna davam etmək uyğun olar. Bəlkə də bu, yarışın ən maraqlı iki dövrəsi idi, kim bilir?! Mənim üçün bu start, olduqca çətin idi.
SF: Səmimi olaraq onu deyə bilərəm ki, bu sənin qərara münasibətdə hansı tərəfdə olmağından asılıdır, start düzülüşünün tərəfi yox. Əgər sən bu qərardan sonra müsbət nəticə əldə etmisənsə və həmçinin mövqeyini yaxşılaşdırmısansa, onda bu qərara sevinəcəksən. Bu gün bunun ən pis nəticəsi Luis üçün oldu və hesab edirəm ki, o, bu qərardan razı qalmadı. Əgər biz dəfələrlə bu şəkildə davam etsək və yarışı hər dəfəsində daha çox əyləncəli etməyə çalışsaq, onda biz gələcəkdə daha həyəcanlı yarışlar görə biləcəyik. Bugünki yarış müxtəlif səbəblərə görə maraqlıydı. Biz çalışmalıyıq ki, bu təbii alınsın və bu prosesdə idmanın köklərini itirməyək. Adətən sən savaşırsan, sonra trekə təhlükəsizlik maşını çıxır və ondan sonra baş verənlərin bəzilərindən zövq alırsan, bəziləri sənin mübarizəni alt-üst edir. Bu aydındır ki, təhlükəsizlik maşını lazımlı anlarda trekə çıxır. Baş vermis son iki hadisədə biz bunu heç müzakirə belə edə bilmərik. Sadəcə mənə maraqlı gələn məqam o oldu ki, Maksın qəzasında təhlükəsizlik maşını niyə bir qədər çox trekdə qaldı. Təhlükəsizlik maşını bir qayda olaraq tam ortadan trekə çıxır və hadisə yerinə gəlir. Biz bunu özümüz üçün aydınlaşdıracağıq. Hər neysə. Suala cavab olaraq deyə bilərəm ki, hər hadisəyə uyğun şəkildə qərarın verilməsini daha ədalətli hesab edirəm.

Emin Axund