“Neftçi” bu gün mərhələ adlasa, qrupa vəsiqə qazanacaq

“Neftçi” bu gün mərhələ adlasa, qrupa vəsiqə qazanacaq

28 İyul 2021 15:21
Bəyəndim (0) Bəyənmədim (0)

“Neftçi” bu gün Bakıda Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Yunanıstan təmsilçisi “Olimpiakos”la qarşılaşacaq.

Oxuməni.az xəbər verir ki, bu mərhələni adlayacağı halda Azərbaycan çempionu ən azı UEFA-nın 3 yarışından sonuncusu – Konfrans Liqasının qrupuna vəsiqəni təmin edəcək. Bu komandaların Afinadakı ilk görüşündə “Neftçi” 0:1 hesabı ilə uduzub. Cütün qalibi olmaq üçün “ağ-qaralar” 2 top fərqi ilə qələbə qazanmalıdır.

Bəs, “Neftçi” mərhələ adlasa, nə olacaq?

Qol.az-ın yazdığına görə, təmsilçimiz ÇL-in üçüncü mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Əgər 3-cü mərhələdə də çempionumuz qalib gələrsə, bilindiyi kimi, ÇL-in pley-off mərhələsinə vəsiqə qazanacaq və ən azı Avropa Liqasının qrupuna vəsiqəni təmin edəcək. Yox, əgər 3-cü mərhələdə məğlubiyyət olarsa, mübarizə Avropa Liqasının pley-offunda davam etdiriləcək. Yeni qaydalara əsasən, Avropa Liqasının pley-off mərhələsinin iştirakçısı 2021/22 mövsümündən keçirilməyə başlayan UEFA Konfrans Liqası adlı yeni turnirin 4 komandalı qrupuna vəsiqə əldə edir. Yəni, "Neftçi" bu gün uğur əldə etsə, növbəti oyunların nəticəsindən asılı olmayaraq, ən azı Konfrans Liqasının qrupunda çıxış etmək hüququ qazanır.

“Neftçi” bu gün mərhələ adlamasa, nə olacaq?

Komandamız mübarizəni Avropa Liqasının 3-cü təsnifat mərhələsində davam etdirəcək. Bu mərhələdə rəqib artıq bəllidir. Bu, ÇL-in ikinci mərhələsində İsveç “Mölde”sinə uduzmuş HİK (Finlandiya) komandasıdır. “Neftçi” burada mərhələni keçsə, Avroliqanın pley-offuna vəsiqə qazanacaq. Bundan sonra proses yuxarıda qeyd edilən ssenari ilə davam edəcək. Yox, əgər çempionumuz HİK səddini adlamasa, bu halda da avrokuboklarda mübarizəni onun üçün bitmiş sayılmır. Bakı təmsilçisi Konfrans Liqasının pley-offuna düşəcək və orada qalib gələcəyi halda, həmin yarışın qrupuna vəsiqə sahibi olacaq.

Xatırladaq ki, hazırda Azərbaycanın üç klubu – “Keşlə”, “Qarabağ” və “Sumqayıt” Konfrans Liqasında yarışır. Komandalarımız turnirə ikinci mərhələdən qoşulub.