"Qarabağ"ın kapitanı: "Kayrat"la oyunda hər şeyə hazırıq"

"Qarabağ"ın kapitanı: "Kayrat"la oyunda hər şeyə hazırıq"

3 Noyabr 2021 06:30
Bəyəndim (0) Bəyənmədim (0)

"Düşünürəm ki, "Kayrat"la Bakıdakı oyunumuz maraqlı alındı. Komandalar eyni səviyyədə olduğundan bu cür matçlarda az səhv buraxan tərəf 3 xal götürür. Həmin vaxt bizim günümüz idi və vacib qələbə qazandıq".

Oxuməni.az xəbər verir ki, bunu "Qarabağ"ın kapitanı Maksim Medvedev Qazaxıstanda "Kayrat" klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə "sports.kz" saytına müsahibəsində deyib.

32 yaşlı müdafiəçi Almatı təmsilçisinin intizamlı komanda olduğunu bildirib: "Komandanın öz fəlsəfəsi və oyun üslubunun olduğu görünür. İlk oyunda bir neçə qol epizodu yaratdılar. Ümumiyyətlə, "Kayrat" nəzarətsiz qalanda çox təhlükəli olur. Təkcə ilk hissədə deyil, bütün oyun ərzində bizim üçün çətinlik yaratdılar. Amma onları dayandıra bildik. Eyni zamanda, öz qol vəziyyətlərimizi yaratdıq".

Təcrübəli oyunçunun sözlərinə görə, Konfrans Liqasının matçı ilə çempionat görüşü arasında fərq var: "Bunlar tamam başqa qarşılaşmalardır. Burada oyuna müəyyən hazırlıq olur. Avrokubok matçından əvvəl baxmırıq ki, çempionatda qalib gəlmişik, yoxsa uduzmuşuq. Meydana öz işimizi görməyə çıxır, əlimizdən gələni edirik.

Səfərdə oynayacaqlarını xatırladan Azərbaycan millisinin üzvü rəqibin yerli azarkeşlərdən dəstək alacağını söyləyib: "Amma oyunlarımızı analiz edəndə görürük ki, biz ən yaxşı matçlarımızı məhz səfərdə keçiririk. Belədə daha böyük motivasiyamız olur. Aqressiyaya və digər hər şeyə hazırıq. Artıq bununla bağlı böyük təcrübəmiz var".

Medvedev oyunla bağlı proqnoz vermək istəmədiyini deyib: "Görüşün necə keçəcəyini dəqiq deyə bilmərəm. Hər iki komandanın ifasında baxımlı oyun olmasını istərdim. Şanslar bərabərdir. Matçın gedişatını zaman göstərəcək".

Təcrübəli oyunçu qrupdakı hər komandanın ilk pilləni tutmaq şanslarının olduğunu vurğulayıb: "Nəticələrin statistikası baxımından hazırda 7 xalı olan "Bazel" və "Qarabağ" ilk 2 sıranı bölüşdürür. Amma riyazi baxımdan hər bir klubun şansı var".

Futbolçu Almatıya qələbə üçün gəldiklərini əlavə edib: "Bizi bu oyunda qələbə qane edəcək. Bunun üçün meydanda xeyli iş görmək lazımdır".

Qeyd edək ki, noyabrın 4-də Almatı şəhərindəki "Ortalık" stadionunda keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.