“Qarabağ”a qarşı ədalətsizlik: “Bunu aşkar şəkildə etdi”

“Qarabağ”a qarşı ədalətsizlik: “Bunu aşkar şəkildə etdi”

26 Noyabr 2021 13:34
Bəyəndim (0) Bəyənmədim (0)

“Qarabağ”ımızın dünənki oyunu möhtəşəm idi. Çox bəyəndim. Bütün oyunu qətiyyətlə, inamla və ağılla rəqibin üzərində basqı qurdular. Yüksək dinamizm, oyuna tam hakim olma qabiliyyəti məni sevindirdi. Nəticəyə baxmayın, bu cür oyunlarda təsadüflər baş verir”.

Oxuməni.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili “Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsi çərçivəsində Cənubi Kiprin “Omoniya” klubu ilə qarşılaşmasında baş verənlərə diqqət çəkib:

“Rəqibin üç epizodundan ikisi qol oldu. Üstəlik hakim də sanki “Bazel”in marağını düşünərək davranırdı. Eyni epizodda “Qarabağ”a qarşı 11 metrəlik cərimə zərbəsi təyin edirsən, lakin “Omoniya”ya etmirsən. Vurulan qol da tərtəmiz idi və açıq-aşkar məqsədli şəkildə qolu ləğv etdi. Əslində bu cür oyunlarda şans amilinin təsiri də böyük olur. Ancaq “Qarabağ”ın son oyuna “Bazel”lə qələbədən başqa nəticə barədə düşünmədən çıxması özlüyündə daha yaxşıdır. Çünki bir çox hallarda heç-heçəyə oynamağı düşünərkən, qələbəni də əldən vermiş olursan. İndi isə daha rahat və aydın hədəf üzrə oynayacaqlar.

Hədsiz maksimalist olmayaq, “Qarabağ” vaxtından əvvəl qrupdan çıxmağı təmin edib, üstəlik də hər hansı bir matçı da uduzmayıb, bütün oyunlarında da rəqiblərdən aşkar üstün oyun sərgiləyib. Bizə nə lazımdır: diri, mübariz, sabit sistem futbolu oynayan, üstəlik də dar kadr bazası ilə də olsa sınıb-tökülməyən bir komandamız var.

“Bazel”i də orada devirəcəyik, inanıram. Dövlətlərdə olduğu kimi, futbolda da idarə edən komandanın düşüncə forması çox önəmlidir. Sağlamdırsa, uğur qazanacaqsan. Qurban Qurbanov hansı həmləni nə zaman edəcəyini yaxşı bilir.

Yeri gəlmişkən, gənc futbolçu Toral Bayramovun və dəyərli qapıçı Şahruddinin qapımıza vurulan qola görə pərtliyinə üzüldüm. Hər bir məğlubiyyət gələcəyin qələbələri üçün ibrət rolunu oynayır. “Qarabağ”ın məsuliyyətini daşıyan əsgər kimi, futbolçu da bizim üçün dəyərdir”.