V1 Challenge Bakı kuboku keçirilib

V1 Challenge Bakı kuboku keçirilib

28 Noyabr 2022 15:24
Bəyəndim (0) Bəyənmədim (0)

Noyabrın 27-də Dövlət Bayrağı Meydanında böyük marağa səbəb olan avtomobil yarışlarından biri - V1 Challenge seriyalarından olan yarış və drift şou keçirilib.

Oxuməni.az xəbər verir ki, İlk dəfə keçirilən V1 Challenge Bakı kuboku Azərbaycan Avtomobil Federasiyanın və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə baş tutub.

Qeyd edək ki, buna qədər ölkəmizdə V1 Challenge seriyasından bir neçə yarış təşkil olunsa da, V1 Challenge Bakı kuboku ilk dəfə keçirilir. Həyəcanlı avtoidman tədbirində “Volkicar”ların yarışı və drift avtomobilləri ilə şou olub. “Volkicar” maşınlarının iştirakı ilə keçirilən yarış isə kvalifikasiya və final mərhələlərində olub.

“Volkicar”larda yerli pilotlar müxtəlif yaddaqalan və həyəcanla izlənilən manevrlərlə birincilik uğrunda mübarizə aparıb. 12 pilot maraqlı yarış trekində məharətlərini sərgiləyib.

Bakı kuboku tamaşaçılara yüksək sürət və heyrətləndirici dinamika ilə avtoidman həyəcanı yaşadıb. Buna yarışda iştirak edən pilotların məharəti və “Volkicar”ların texniki imkanları şərait yaradıb. Belə ki, “Volkicar” yarış maşınlarının mühərriki 115 at gücündədir və 5 saniyədə 100 km/saat sürətinə çata bilir. Yarış avtoidman həvəskarlarına adrenalin dolu anlar yaşatmaqla yanaşı, həm də yerli avtoidmanın inkişafına yönəlib.Qalibləri yerli və xarici mütəxəssislərdən ibarət münsif heyəti müəyyən edib. Münsiflərdə tanınmış drifterlər Nil Qan (Niall Gunn) və Riçard Martin (Richard Martin) də təmsil olunurdu.

V1 Challenge Bakı kubokunda ən sürətli nəticə göstərən 6 pilot finala vəsiqə qazanıb. Finalda ilk 3 yer üzrə qaliblərə kubok təqdim olunub. Drift şou pilotlarına isə sertifikatlar verilib.

Oxuməni.az