Futbol əfsanəsi Səudiyyə Ərəbistanı klubuna baş məşqçi təyin edilib

Futbol əfsanəsi Səudiyyə Ərəbistanı klubuna baş məşqçi təyin edilib

4 İyul 2023 18:43
Bəyəndim (0) Bəyənmədim (0)

Stiven Cerrard "Əl-İttifaq" Futbol Klubu ilə müqavilə imzalayıb.

"Liverpul"un və İngiltərə millisinin əfsanəvi keçmiş futbolçusu Stiven Cerrard yenidən məşqçiliyə qayıdıb.

Oxuməni.az xəbər verir ki, Səudiyyə Ərəbistanından olan klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 43 yaşlı mütəxəssis "Əl-İttifaq"a baş məşqçi təyin olunub.

Cerrard Səudiyyə klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb. Komanda ilə məşqçi arasındakı razılaşmanın təfərrüatları məlum deyil.

43 yaşlı çalışdırıcının son iş yeri İngiltərənin “Aston Villa”sı olub. 2022-ci ilin oktyabrında Cerrard zəif performansa görə qovulub. O vaxtdan bəri mütəxəssis işsiz qalıb.

Stiven Cerrard 2020/21-ci il mövsümündə Reyncers komandasına da rəhbərlik edib və ona Şotlandiya çempionu titulu qazandırıb.

Əlavə edirik ki, ötən mövsüm “Əl-İttifaq” Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində yeddinci yeri tutub. Komanda keçirdiyi 30 oyunda 37 xal toplayıb.

Daha əvvəl isə xəbər verilmişdi ki, Səudiyyə Ərəbistanının “Əl-İttihad” futbol klubu “Qızıl top”un hazırkı sahibi Kərim Benzema ilə müqavilə imzalayıb.

Əziz Mustafa