DÇ-2022: Türkiyə yığması qalib gəldi, Portuqaliya qələbəni əldən verdi

DÇ-2022: Türkiyə yığması qalib gəldi, Portuqaliya qələbəni əldən verdi

28 Mart 2021 09:53
Bəyəndim (0) Bəyənmədim (0)

Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində II turun ilk oyun gününə yekun vurulub.

Oxuməni.az-ın məlumatına görə, qardaş Türkiyə millisi mübarizə apardığı G qrupunda ikinci matçını keçirib.

Üç gün öncə İstanbulda Niderland üzərində 4:2 hesablı qələbə qazanan “ay-ulduzlular” ilk səfər sınağında Norveçlə qarşılaşıb. Şenol Günəşin yetirmələri İspaniyanın Malaqa şəhərində təşkil olunan qarşılaşmadan da 3 xalla ayrılıb.

4-cü dəqiqədə Ozan Tufanın erkən qolu ilə hesabda önə çıxan türkiyəlilər fasiləyədək fərqi artırmağa da nail olub. Çağlar Söyüncü 28-ci dəqiqədə fərqlənib. Ozan ikinci hissənin də əvvəlində meydan sahiblərinin qapısına yol tapmağa nail olub. Bununla da Günəşin yetirmələri rəqib meydanında böyükhesabla qalib gəlib - 3:0.

İlk iki görüşdə yüksək məhsuldarlıq göstərən “ay-ulduzlular” 7 qol vurduğu qarşılaşmalardan sonra 6 xalla qrup liderliyinə şərikdir. Qrupun bugünkü digər matçlarında Monteneqro Cəbəllütariqi 4:1, Niderland Latviyanı 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Türkiyə millisi qrupda növbəti oyununu martın 30-da İstanbulda Latviyaya qarşı keçirəcək.

Azərbaycan millisinin yer aldığı A qrupunda Serbiya yığması Portuqaliya ilə görüşdə əzmkar heç-heçəyə nail olub.

Uzatma dəqiqələrində Nikola Milenkoviç qırmızı vərəqə alaraq, Serbiya millisini azlıqda qoyub. Beləliklə, o, martın 30-da Bakıda Azərbaycan millisi ilə görüşdə iştirak etməyəcək.

Daha bir maraqlı məqam Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldunun final fiti ərəfəsində təmiz qolunun hesaba alınmaması olub.

İrlandiya isə öz meydanında gözlənilmədən Lüksemburqa uduzub.

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsi
27 mart
G qrupu, II tur
Norveç - Türkiyə - 0:3

Ozan Tufan, 4, 59, Çağlar Söyüncü, 28

Turnir cədvəli: Türkiyə, Monteneqro - 6, Niderland, Norveç – 3, Latviya, Cəbəllütariq – 0.