Jurnalistin 685 bal toplayan qızı niyə təhqir olundu?

Jurnalistin 685 bal toplayan qızı niyə təhqir olundu?

2 Sentyabr 2013 17:32
Bəyəndim (0) Bəyənmədim (0)

Tanınmış jurnalist Könül Şamilqızı test imtahanlarında 685 bal toplayan qızının məktəb direktoru tərəfindən təhqir olunduğunu bildirib.Oxumeni.az xəbər verir ki, o, bu barədə facebook hesabında yazıb."Mətbuat vasitəsilə sizlərin və dostlarımın da məlumu olduğu kimi, qızım bu il keçirilən test imtahanlarında 685 bal toplayıb və Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Attestat qiymətlərinin hamısı əla, orta məktəbin buraxılış imtahanlarının nəticələri əla olmasına baxmayaraq, qızım qızıl medal üçün namizəd göstərilməyib. Oxuduğu Daş Salahlı kənd 1 saylı orta məktəbin direktoru, qızımın olimpiada nəticəsi olmadığı üçün belə bir haqqı olmadığını bildirib. Ancaq elə bu il, olimpiada nəticəsi olmayan və mənim qızımdan daha az - 608 bal toplayan başqa bir şagird qızıl medala layiq görülüb. Ancaq əsas məsələ bu deyil. Mənim qızıl medalım qızımın göstərdiyi nəticədir!

Əsas məsələ, mənim 17 yaşlı övladımın bu gün Qazax rayonunda təhsil şöbəsi müdirinin, millət vəkili Əhməd Vəliyevin və diger yetkililərin də iştirakıyla keçirilən toplantıda aşağılanması, incidilməsidir. Yüksək bal topladığı və məktəbinin, rayonunun etibarını artırdığı üçün təşəkkür edilməsi lazımkən yalan danışmaqda ittiham edilməsidir. Əvvəlcə 1 saylı məktəbinn direktoru Kamil Yusifov müavininə "Təhsil şöbəsi Ülkərin yalan danışdığını, 685 bal toplamadığını deyir" deyib. Cavabında bunun bilgisayardan çox asanlıqla araşdırılacaq bir şey olduğu bildirilib. Bu cavaba baxmayaraq Qazaxda keçirilən toplantıda qızımın adı belə çəkilməyib (ondan aşağı bal toplayanların adları tək-tək çəkilib). Amma mühüm olan bu da deyil. Daş Salahlı kənd 2 saylı məktəbin direktoru Ulduz Mancanov qızıma yaxınlaşaraq hər kəsin içində "Sən niyə yalan danışırsan, 685 bal toplamamısan" deyə ittiham edib. Qızımın israrla "dəqiqləşdirə bilərsiniz" deməsinə baxmayaraq, ittihamlarını davam etdirib və "elə olsa, prezident təqaüdü alardın, sən yalan danışırsan"- deyə aşağılayıb.

Bu aşağılamaların və ayrı-seçkiliyin səbəbini anlamaqda çətinlik çəkirəm. Və hörmətli Təhsil Nazirinə sual edirəm: Bu ayrı-seçkiliyin səbəbi mənim müxalif jurnalist, qızımdan aşağı nəticələr göstərməsinə rəğmən qızıl medal alan şagirdin valideyni dövlət məmuru (Maliyyə İdarəsində çalışdığı bildirilir) olmağımdırmı? Bu aşağılıq davranışın səbəbi mənim sizin təmsil etdiyiniz hakimiyyətə müxalif olmağımdırmı?

Mən Azərbaycan vətəndaşıyam, imkanlarım olduğu halda övladımın da istəyini nəzərə alaraq Azərbaycanda - öz ölkəsində təhsil almasını istədim. Bu qədər tez peşman olacağımı güman etmirdim. Ümid etmək istəyirəm ki, Qazaxda yaşanan bu iyrənc ayrı-seçkilik qızımın bundan sonra universitetdə qarşılaşacağı ayrı-seçkiliyin siqnalı olmaz. Olacaqsa da bunun məsuliyyətinin təhsil sistemi rəhbərliyinin və hörmətli Mikayıl Cabbarovun üzərində olacağını indidən bəyan edirəm!"

O.M.