Qaçqın statusu almış şəxslər dövlət rüsumu ödəyəcək
Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslər qaçqın vəsiqəsi və ya yol sənədi almaq üçün dövlət rüsumu ödəyəcəklər. Bununla əlaqədar olaraq "Dövlət rüsumu haqqında" və "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" qanunlara dəyişikliklər ediləcəkdir. Hər iki qanun layihəsi Milli Məclisin sosial siyasət komitəsinin mayın 25-də keçirilmiş iclasında müzakirə olunmuşdur. İclasda bildirilmişdir ki, qanunlara təklif olunan dəyişikliklərə əsasən Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslər qaçqın vəsiqəsi və yol sənədi almaq üçün 5 manat məbləğində dövlət rüsumu ödəyəcəklər.
Qanunla müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir. Yol sənədi isə Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən sənəddir.
Qeyd olunmuşdur ki, bu dəyişikliklər Ermənistandan deportasiya olunmuş azərbaycanlılara və Gürcüstandan köçürülmüş məhsəti türklərinə şamil olunmayacaqdır. Dəyişikliklər üçüncü ölkədən gəlmiş qaçqınlar üçün nəzərdə tutulmuşdur. Qanun layihələri təsdiqlənmək üçün Milli Məclisə tövsiyə olunmuşdur.
Tofiq Əliyev
O.M.