Bakı-Sumqayıt avtomobil yolu genişləndirilir

Bakı-Sumqayıt avtomobil yolu genişləndirilir

6 Mart 2014 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Sumqayıt və Sumqayıt-Bakı istiqamətində avtomobil magistralında yaranan tıxacların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, bu məqsədlə Bakı-Sumqayıt yolunun 9-cu km-də yeni yolötürücüsü tikilir və yeni iki zolaqlı yol çəkilir. Həmçinin avtomobillərin istənilən istiqamətə hərəkət etməsi üçün dairə tikilməsi də nəzərdə tutulur.

Onun sözlərinə görə, yeni yol ərazidə yerləşən hərbi hissədən Yol Polisi postuna çıxışı təmin edəcək. Uzunluğu 45 m olan bu yol bir aşırımlıdır.

P.Mürsəliyev deyib ki, Sumqayıtdan Bakı istiqamətində Sulutəpə-Xocəsən-Biləcəri yolunun 4 zolaqdan 8 zolağa qədər genişləndirilməsi işləri də həyata keçirilir: "Bu yolun uzunluğu 1,5 km təşkil edir. Genişləndirmə nəticəsində yolun hər istiqamətində 4 zolaq olacaq. Eyni zamanda burada uzunluğu 110 m olan yeni 3 zolaqlı yolötürücüsü də inşa olunur. Bu işlər yekunlaşdıqdan sonra, Sumqayıtdan hərəkət edən avtomobillər Xocəsən və Biləcəri istiqamətində hərəkəti davam etdirə biləcəklər. Onlar burada Şamaxinka" adlanan ərazidən şəhərə daxil ola, Bakı-Şamaxı yolu, Bakı Beynəlxalq Avtovağzalı və Atıcılıq kompleksi istiqamətində hərəkət edə biləcəklər. Eyni zamanda avtomobillərin Bakı-Sumqayıt-Xocəsəndən Bakı Beynəlxalq Avtovağzalının yaxınlığındakı dəmir yolu üzərindən mövcud yol ötürücüsünün yanındakı 4 aşırımlı yeni yol ötürücüsündən enərək, birbaşa Biləcəri istiqamətində də hərəkət etməsi mümkün olacaq. Yaxın gələcəkdə 1-ci dairəvi avtomobil yoluna da çıxmaq olacaq".