Gülər Əhmədova barədə hökmün qüvvədə saxlanması istənilib

Gülər Əhmədova barədə hökmün qüvvədə saxlanması istənilib

1 May 2014 15:23
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Apa-nın xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rəsul Abbasov çıxış edərək Gülər Əhmədovanın təqsirinin öz təsdiqini tapdığını, onun çıxışının özünü müdafiə xarakteri daşıdığını deyib.

Prokuror məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını və hökmün qüvvədə saxlanmasını istəyib. Proses davam etdirilir.

Qeyd edək ki, günün birinci yarısında məhkəmədə Gülər Əhmədova ifadə verib. Daha sonra prosesdə istintaqın tamamlanması barədə müzakirələr aparılıb.

G. Əhmədova və vəkilləri istintaqın tamamlanmasına etiraz ediblər. Lakin məhkəmə istintaqın tamamlanması barədə qərar qəbul edib.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.