“Aztelekom” MMC-nin sabiq rəhbərinin girovluqda qalan oğlu buraxıldı! - 3 MİLYON DOLLAR MÜQABİLİNDƏ
Məhəmməd Məmmədovun oğlu 3 milyon dollar qarşılığında Ukraynada girovluqdan qurtulub
Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Nəzarət-Təftiş Komissiyasının və "Aztelekom" MMC-nin sabiq rəhbəri, hazırda həbsdən olan Məhəmməd Məmmədovun Ukraynada naməlum şəxslər tərəfindən girov götürülmüş oğlu Araz Məmmədov, nəhayət, azadlığa buraxılıb.
Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporundan verilən məlumata görə, M.Məmmədovun oğlu A.Məmmədov 4 aya yaxın girovluqda saxlanılıb. Şevçenko adına Kiyev Dövlət Universitetinin tələbəsi olan Araz Məmmədovu bu günlərdə 3 milyon dolların qarşılığında girovluqdan azad ediblər.
Qeyd edək ki, son zamanlar Ukraynada həmyerlilərimizin oğurlanaraq girov saxlanması, sonradan isə pul qarşılığında azad edilməsi adi hal alıb. Ukraynanın paytaxtı Kiyevdə iyunun 28-də bir neçə ay əvvəl naməlum şəxslər tərəfindən girov götürülmüş, 1975-ci il təvəllüdlü azərbaycanlı iş adamı Elsevər Alxazov şəhər ətrafında girov saxlanıldığı yerdən təsadüf nəticəsində qaçıb.
İş adamının yaxınlarının modern.az saytına verdiyi məlumata görə, mart ayında girov götürülən E.Alxazovun qaytarılması üçün 1 milyon dollar tələb olunurdu. Artıq onun qardaşları və dostları bu məbləğin ödənilməsinə hazırlaşdıqları zaman qəflətən iş adamı Kiyevdə naməlum nömrədən qardaşına zəng edərək şəhərdəki "Bulvar Şevçenko" adlı yerdə olduğunu və təcili gəlib onu oradan aparmasını istəyib. Son bir ildə Ukraynada 20-dən çox azərbaycanlının oğurlandığı bildirilir və Azərbaycanın bu ölkədəki səfirliyi yerli hüquq-mühafizə orqanlarına bununla bağlı rəsmi müraciət edib.
Xatırladaq ki, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov ötən ilin noyabrında həbs olunub. M.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Baş direktorla birlikdə "Aztelekom"un daha bir neçə vəzifəli şəxsi də saxlanılıb.
E.HÜSEYNOV