Yasamalda sökülən məscidin yeni yeri məlum oldu

Yasamalda sökülən məscidin yeni yeri məlum oldu

3 İyul 2017 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Kənan Rövşənoğlu: "Məscid sökülməz deyə, qəti bir qadağa yoxdur, ancaq..."


Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən və "Sovetski" adlanan ərazidə aparılan tikinti, yenidənqurma işləri ilə əlaqədar orada yerləşən Hacı Cavad məscidi sökülüb.


Məscidin sökülməsi bir çox şəxslər tərəfindən narazılıqla qarşılanıb. Çünki ölkə başçısının göstərişi ilə söküntü dayandırımışdı. Məscid yalnız yenisi tikilib istifadəyə verildikdən sonra sökülməli idi. Məhz buna görə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev prezidentin müvafiq sərəncamı ilə vəzifəsindən azad edilib.
Maraqlıdır, bir məscid hansı hallarda sökülə bilər?


Dini ekspert Kənan Rövşənoğlu məscidlər sökülməyəcək deyə bir hökmün olmadığını dedi: "Məscid, ərəbcədə səcdə olunan yer deməkdir. Yəni bütün dinlərdə olduğu kimi, islamda da insanların kütləvi ibadətlərini həyata keçirdiyi yerdir. Məsciddə Allaha ibadət olunduğu üçün həm də Allahın evi deyilir. Bir qayda olaraq məscidlərin tikintisini ilk vaxtlardan bu yana müsəlmanlar özləri öz vəsaitləri ilə tikiblər. Bir qayda olaraq məscid tikilən ərazi vəqf torpağı hesab olunur. Yəni o torpaqda Allaha ibadət evi tikilməsi niyyət edilir, onun başqa məqsədlər üçün istifadəsi bəyənilmir, qadağandır. Ancaq bu, o demək deyil ki, məscidləri sökmək qəti qadağandır, sökmək olmaz. İslamın ilk illərində Mədinədə də məscid sökülüb. Yəni məscidlər sökülməyəcək deyə, bir hökm yoxdur - amma məqsədindən kənarda, mənfi niyyətlərə xidmət edirsə, hansı ki, belə vəziyyət islamın ilk illərində Mədinədə olub. Bundan başqa, yol çəkilişi və ya infrastruktur yenilənməsi zamanı məscid sökülə bilər. Təbii ki, bu zaman yenisi, daha münasib, uyğun yerdə tikilməlidir. Bir növ yeri dəyişdirilə bilir. Eləcə də tarixdə pis niyyətlərlə tikilmiş məscidlərin sökülməsi də baş verib. Bu mənada məscid sökülməz deyə, qəti bir qadağa yoxdur, ancaq məscid söküntüsü də sıradan hadisə deyil, hər zaman istədiyin yerdə söküb başqa yerdə tikilsin. Belə olsaydı, bu günə qədər min illik yaşı olan məscidlər qalmazdı. Tarixi məscidlərin bu günə qədər gəlib çatması insanların ona olan münasibəti, Allah evinə ehtiramı ilə əlaqədardır".


Qeyd edək ki, Hacı Cavad məscidinin əvəzinə tikiləcək yeni məscidin yeri artıq məlum olub. Yeni məscid Yasamal rayonu, Şərifzadə küçəsində inşa ediləcək və növbəti Ramazan bayramına qədər dindarların istifadəsinə veriləcək. (musavat)

Mediainfo.az