WikiLeaks:"Bin Laden dəfn olunmayıb, cəsədi ABŞ-dadır"
Qalmaqallı WikiLeaks saytının ən yeni məlumatı 1 nömrəli terrorçu Usama Bin Ladenlə bağlıdır. Məlumatda bildirilir ki, Bin Ladenin cəsədi mətbuatda bildirildiyi kimi dənizə atılmayıb, hal-hazırkı dövrə qədər ABŞ ərazisində soyuducu anbarda saxlanılır. Daha dəqiq desək, terrorçu öldürüldükdən sonra təyyarə ilə Pakistandan ABŞ-a gətirilib.
Qeyd edək ki, WikiLeaks saytı bu məlumatı Amerikanın "Stratfor (Strategic Forecasting)" kəşfiyyat-analitik mərkəzinin saytına daxil olmağı bacaran Anonymous haker qrupundan əldə edib. Məxfi faylda Stratfor-un rəhbəri Corc Fridmanla mərkəzin vitse-prezidenti Fred Bertonun yazışmaları yer alır. Belə ki, Corc Fridman həmkarına yazır: "Məndə olan məlumata görə, Bin Laden artıq bizdədir, şükür Tanrıya!" Fred Bertonun cavabında isə bu sözlər qeyd olunur: "Cəsəd Mərkəzi Kəşfiyyat İdarəsinin təyyarəsindədir. Tibbi Ekspertiza Hərbi institutuna gətirilərək təhqiq olunmaq üçün burada saxlanılacaq."
Xatırladaq ki, rəsmi məlumatlara görə, "Əl Qaidə" lideri 2011-ci ilin 2 may günü Abottobadedəki iqamətgahında öldürülüb və Pakistandan ABŞ-a uçan hərbi təyyarədən qeyri-müəyyən ərazidə dənizə atılıb.
Görünür, Bin Ladenin ölüsü də Qərb üçün təhlükə mənbəyi olaraq qalır...
Murad Şahməmmədov
O.M.