Necdət Ünüvar: “Xocalıda yaşananlar insanlığa qarşı cinayətdir”
"Türkiyə olaraq Azərbaycan xalqının yanında olduğumuzu və onun haqq səsini hər platformada, hər vəziyyətə daim dəstəkləyəcəyimizi bildirmək istəyirəm".
Apa-nın məlumatına görə, bu barədə Türkiyə Böyük millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvarın Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı məktubunda deyilir.
N. Ünüvar bildirib ki, Xocalıda yalnız Azərbaycan türkləri deyil, bütün türk və müsəlmanlar da qətlə yetirilib: "Bu qətliam bütün dünyanın gözü qarşısında baş verib və inkarı mümkün olmayan sənədlər ortadadır. İnsanlıq tarixi 100 illər boyunca neçə dəfə can itkisinə şahidlik edib. Millətimiz və ümmətimizin tarixində də gözlərimizi dolduran, içimizi sızladan bel hadisələr mövcuddur. Bu kədərli hadisələrdən biri də şübhəsiz ki, yaxın tarixdə baş vermiş Xocalı faciəsidir. 106-sı qadın, 83-ü uşaq olmaqla 613 Azərbaycan türkü işgəncələrlə öldürülüb. Qadın, uşaq, kişi demədən Xocalıda yaşayan sivil əhalinin kütləvi qətli, 487 nəfərin yaralandığı və 1275 nəfərin girov götürüldüyü, 150 nəfərin itkin düşdüyü bu vəhşilik şahidlərinin zehnindən hələ də getmir. Xocalıda yaşananlar planlı qətliam olub və beynəlxalq sənədlərə əsasən insanlığa qarşı cinayətdir. Ancaq bu cinayəti törədənlər müxtəlif platformalarda etiraflarına baxmayaraq, cəzasız qalıblar. Ermənistanın işğal etdiyi və Xocalının da daxil olduğu Azərbaycan torpaqlarının tez bir zamanda azad edilməli olduğuna inanır bu məsələdə BMT daxil olmaqla beynəlxalq təşkilatları vəzifələrini icra etməyə dəvət edirəm".
Mediainfo.az