“Nardaran işi”ndə DİN əməkdaşları ifadə verib

“Nardaran işi”ndə DİN əməkdaşları ifadə verib

17 Aprel 2017 15:22
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elxan Həsənovun vəkili Ramiz Məmmədov hüquqlarını müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib.

Sonra prosesdə şahid qismində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları - İbrahim Kazımov, Mehman Teymurov və Kamil Məmmədov ifadə veriblər. İ. Kazımov qeyd edib ki, təqsirləndirilən Faiq Allahverdiyev saxlanılarkən onun evindən qumbara və kitabça aşkar olunub.

K. Məmmədov isə təqsirləndirilən Mehman Quliyevin epizodu üzrə ifadə verib. Onun sözlərinə görə, M. Quliyevin yaşadığı evdən qumbara, 19 ədəd patron və Taleh Bağırovun kitabçası aşkar edilərək, götürülüb.

Proses mayın 1-də davam etdiriləcək.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində "Müsəlman Birliyi" hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb. Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.

Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb.

Mediainfo.az